Sosial şəbəkələrdə maliyyə piramidası yaradaraq vətəndaşların külli miqdarda pullarını ələ keçirən dələduz dəstənin əməlləri ilə bağlı bir sıra məqamlar üzə çıxıb.
“Qafqazinfo” həmin dəstənin insanları necə aldatmasına dair bir sıra detallar əldə edib.
Araşdırma zamanı məlum olub ki, Bakı sakini Habil Bədəlov tanışları Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva ilə birlikdə özlərini mərkəzi ofisi Dubayda yerləşən “Crowd1” şirkətinin Azərbaycandakı nümayəndələri kimi təqdim ediblər. Onlar qabaqcadan hər şeyi planlı şəkildə qurublar. Öz aralarında vəzifə bölgüsünü apardıqdan sonra “İnstagram”da səhifə açıb insanları şirkətə pul yatırmağa və tezliklə varlanacaqlarına inandırıblar. Bunun üçün bahalı geyimlər, mobil telefonlar, notbuk və aksesuarlardan, həmçinin maşınlardan istifadə ediblər, ofis icarəyə götürüblər. Bu isə onların guya dəbdəbəli həyat sürdüklərinə dair görüntü yaratmaq üçün olub. Onlar elan paylaşarkən, “ildə 16 dəfə maaş almaq istəyənlər ofisə yaxınlaşsın, heç nə satmaq yox, evdən işlə, gündəlik pul qazan, yüksək aylıq maaş, itirmək yox, daim qazanmaq, mal almaq və satmaq yox” kimi paylaşımlardan istifadə edirmişlər.
Dəstə vətəndaşları inandırıb ki, bu şirkətə qoşulanlar da qısa müddətdə eyni həyatı yaşayacaqlar. Habil Bədəlov və tanışları deyirmiş ki, onlara pul verəcəkləri təqdirdə heç bir aktiv fəaliyyət göstərmədən gəlir əldə edəcəklər. Yəni şirkətə yatırım etdikdən sonra 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi yatırım edən şəxslər arasında bölünəcək. Özlərindən sonra sistemə iki nəfər də qoşduqları təqdirdə daha çox gəlir əldə edəcəklər.
Dəstənin əməlləri bununla da kifayətlənməyib. Onlar vətəndaşlara həm də kriptovalyuta satdıqlarını, həmin “coin”lərin qısa müddətdə bahalaşacağına inandırıblar.
Habil və dəstəsi zərəçəkmişlərdən 51.640 manat pul alıblar.
Sonda isə məlum olub ki, dələduz şəbəkə tərəfindən təklif olunan platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara “Crowd-1” şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil.
Qeyd edək ki, dəstə başçısı Habil Bədəlov 24 il hərbçi işləyib. O, 1990-2014-cü illərdə gizir kimi orduda xidmət edib. O, zərərçəkmişlərə yazırmış ki, “mən 23 il hərbidə xidmət eləmişəm və bu gün pensiyam 800 manatdır. Amma 11 aydır ki, “Crowd1”də xidmət edirəm, bu şirkətdən aldığım maaş 16 000 manatdır”.
Zərərçəkmişlərdən biri ifadəsində deyib ki, ona bahalı avtomobili göstərərək bildiriblər ki, qoyduğu pullarla o da lüks maşın alacaq: “Mən də həvəslənib pulu verdim. Restoranda ofisiant işləyirdim. Atama avtomobilini satdırdım. Dedilər narahat olma, qoyduğun pullara görə qazanacaqsan. 8500 manat pul verdim. Dedilər ki, qazanmaq üçün vaxt tələb olunur. Ona görə də inanıb gözlədim”.
Digər zərərçəkmişə isə deyilib ki, 10 min dollar verəcəyi təqdirdə 60 min qazanacaq: “Hissə-hissə olmaqla 142 min dollar verdim. Mənə 55 min dollar gəlir adı ilə verdilər. Mənə hesabında 600 min avro pulu olduğunu göstərdi, inandırdı. Bir müddət sonra pul verməməyə başladılar, sistemdə problem olduğunu bildirdilər”.
Daha bir zərərçəkən isə bunları bildirib: “Mənə dedilər ki, “Bitcoin” yarananda heç kim inanmamışdı, lakin indi “bitcoin” ən bahalı kriptovalyutadır. “Bitcoin” alanlar bu gün milyonçudurlar. Özləri “Gelandewagen”də, “Range Rover”də gəlirdilər. Hər kəsin belə imkanlı ola biləcəyini deyirdilər”.
Qeyd edək ki, maliyyə fırıldqçıları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin başçısı Habil Bədəlov və digər 5 nəfər istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil Bədəlov, Yasin Əmirli, Səbahir Fərzəliyev, Əlövsət Mazandarov 1 il 6 ay, Amin Hüseynov isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
www.102info.az