Heydər Əliyev Beynəlxalq Aeroportunda dörd milyondan artıq sərnişinə xidmət göstərilib

Cəmiyyət

2022-ci ilin əvvəlindən Azərbaycanın əsas hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportunda 4,04 milyon sərnişinə xidmət göstərilib. Ümumilikdə, göstərilən müddət ərzində ölkənin hava limanlarında beş milyona yaxın sərnişinə xidmət göstərilib.

Cari ilin noyabr ayında Bakı hava limanının xidmətlərindən 375 min nəfər istifadə edib ki, onlardan da 324 mini beynəlxalq reyslərin sərnişinləridir.

Azərbaycanın milli aviadaşıyıcısı “AZAL” sərnişin aviaşirkəti və “Buta Airways” aşağıbüdcəli sərnişin aviaşirkəti tərəfindən noyabr ayında beynəlxalq istiqamətlərdə müvafiq olaraq 91 min və 45 min sərnişinə xidmət göstərilib. Qeyd edilən aviaşirkətlərin beynəlxalq daşımaların ümumi sayında payı müvafiq olaraq 28% və 14% təşkil edib.

2022-ci ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 28 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin, AZAL və “Buta Airways” ilə yanaşı, “Türkish Airlines”, “Aeroflot”, “Utair”, “FlyDubai” və “Azimuth” aviaşirkətləri tərəfindən daşınıb.

Ötən ay Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Şarca, Daşkənd, Mineralnıye Vodı, Ciddə və Ankara daxil olmuşdur. Ümumilikdə bu istiqamətlər üzrə 225 min nəfərə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yükdaşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin tutumuna görə Azərbaycanın və regionun ən böyük hava limanıdır.

Nüfuzlu “Skytrax” beynəlxalq agentliyi tərəfindən Bakı hava limanı ən yüksək “5-ulduz” reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görülüb.

Cari ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax” beynəlxalq agentliyinin versiyasına görə ardıcıl olaraq beşinci dəfə MDB ölkələri sırasında ən yaxşı hava limanı statusunu təsdiqləyərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb. Qeyd edilən mükafat mülki aviasiya sahəsi üçün keyfiyyət meyarıdır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir