Azərbaycan QHT-ləri sülhməramlıların komandanına müraciət ünvanlayıblar – FOTO

Cəmiyyət

Azərbaycanda QHT rəhbərləri, o cümlədən ekoloq və aktivistlər Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkova müraciət hazırlayıblar.

“Report” xəbər verir ki, QHT-lər müraciəti bu gün Rusiyanın Azərbaycandakı səfirliyinə təqdim ediblər.

23 nəfərin imzaladığı müraciətdə deyilir:

“Hörmətli Andrey Aleksandroviç,

Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində ekoloji vəziyyətin gərginləşməsi biz ekoloqlar və aktivistləri ciddi narahat edir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ildən çox işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycana qarşı ekoloji terror törədilmiş, bir çox faydalı qazıntı yataqları qanunsuz istismar edilmişdir. 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar halları, təəssüf ki, davam etməkdədir.

Faydalı qazıntı yataqlarının qanunsuz istismarı ekoloji vəziyyəti gərginləşdirməklə mülki əhaliyə, ətraf mühitə, biomüxtəlifliyə, yeraltı və yerüstü su resurslarına, eləcə də Azərbaycanın digər ərazilərindəki ekoloji mühitə mənfi təsir göstərir.

Azərbaycanın müstəqil ekoloqlarının birləşdiyi çoxsaylı QHT-lər olaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar hallarının və ekoloji vəziyyətin dəyərləndirilməsini vacib hesab edirik. Bu xüsusda bizim qeyd edilən ərazilərə səfər etməyimiz üçün təhlükəsizliyin təmin olunmasını və monitorinq keçirməyimiz üçün lazımi şərait yaradılmasını sizdən xahiş edirik”.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.

Görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir