Qəfil dəyişən hava şəraiti Bakıda taksi qiymətlərinə də təsirsiz ötüşməyib.
Oxu.Az xəbər verir ki, qarlı hava ilə əlaqədar taksi şirkətləri xidmət haqqını kəskin artırıblar.
Belə ki, həmişə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsindən metronun “28 May” stansiyasına qədər 7 manat olan taksi qiyməti bu gün 20 manata qaldırılıb. Yaxud Buzovna qəsəbəsindən Milli Məclisədək, adətən, 9.40-10.50 manata olan qiymət 28.20 manata çatıb.
Müxtəlif taksi şirkətlərinin tətbiqlərində müxtəlif məsafələrdən ölçülən qiymətlər əvvəlkilərlə müqayisədə bu gün iki-üç dəfə bahadır.
Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, taksi qiymətləri dəyişən tarifdir:
“Doğrudur, Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı tələblərində tövsiyə olunan qiymətlər var. Orada orta qiymət belədir ki, taksi sifarişi bir manat əlli qəpikdən başlayır, daha sonra gediş haqqı orta qiymət olaraq bir kilometrə görə 50 qəpikdən hesablanır. Lakin bu, fiks qiymətlər deyil, taksidə ümumiyyətlə fiks qiymətlər olmur. Taksi qiymətləri dəyişən tarifdir. Məsələn, günün saatlarına, iqlim şəraitinə, mövsümi xarakterə görə qiymət dəyişir. Tələb artdıqca qiymət artır. Tələb azaldıqca qiymət azalır”.
Sayad Həsənli
www.102info.az