Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda isə oxşamırdı, eləcə çürük idi. Və bu an böyük çürük toxumun içindəki milyardlarla toxum da çürüyürdü – ağac toxumu, çiçək toxumu, adam toxumu…
Seyran Səxavət
Sovet İttifaqı xalqların milli kimliyini yox etmə prosesinə başladığı bir vaxtda Azərbaycanda “Diqqət, danışır Bakı” deyə bir səs ucalır. 97 ildir dayanmayan o səs Azərbaycan Radiosunun səsidir. 65 il sovet əsarətində qalan bu radio siyasi rejim səbəbilə müxtəlif dövrlərdə sovet qardaşlığının təbliğinə yer versə də, xüsusilə 1950-ci illərdən milliliyimizin xilaskarına çevrilir. Azərbaycanı çürüməkdə olan böyük toxumun tərkibindən çıxarmağa çalışır. Belə ki, Stalinin ölümü ilə “Sovet ailəsi” üçün başlayan yeni mərhələdə radio “Bulaq” adlı bir veriliş ərsəyə gətirir.
Heç kəsə sirr deyil ki, var olmaq üçün o dövrdə milli mənliyin qorunması vacib idi. Sovetlər hər vəchlə insanlara tarixlərini unutdurmağa çalışır, bu yolda kitabları yandırtdırır, milliyyətçiləri güllələtdirirdi. Elə bir çağ idi ki, yeniliklər də inkişaf gətirmirdi, orada haqq sözü deyənlər utanmalı, qananlar qanmaz olub dayanmalıydılar. Adamlar “Həyat, sən kiminsən?” sualını verəndə “Yaşamağı bacaranın” yox, “Soveti sevənin” cavabını eşidirdilər. Belə bir vaxtda “Bulaq” verilişinin yaranması isə Azərbaycan insanı üçün möcüzədən başqa bir şey deyildi.
Oxu.Az-ın əməkdaşları xalqın 67 yaşlı çağlayan “Bulaq”ı ilə yaxından tanış olmaq üçün Azərbaycan Radiosuna baş çəkiblər.
İlk olaraq bildirək ki, Azərbaycan Televiziyası binasında adamlar nə qədər bir-birlərinə yad görünürdülərsə, burada bir o qədər doğmadırlar. Bizi qarşılayan Ədəbi dram və folklor redaksiyasının baş redaktoru Şəfəq Sultan Əlixanlı ilə söhbətimizdə də bu istilik ürəyimizə yayılır. Şəfəq Əlixanlı 1980-ci ildən Azərbaycan Radiosunda çalışır. “Sabah”, “Bizdən sonra” kimi verilişlərin müəllifi və aparıcısı olub. Amma onun da qəlbinə toxunan əsas veriliş “Bulaq”dır. Həmsöhbətimiz səbəbi onunla izah edir ki, “Bulaq” təkcə Azərbaycan Radiosunun deyil, bütövlükdə Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan bir verilişdir. Ona görə də qəlbində yeri fərqlidir:
“Folklor və ədəbi dram həmişə bir yerdə olub. Amma bir ara onları ayırırdılar. Xalq yaradıcılığı redaksiyası yaradıldı. Amma sonra bu iki qolu yenidən birləşdirdilər. Təxminən 30 ildir ki, “Bulaq”la təmasdayam. Hər bir xalq coğrafi ərazisini itirə bilər. Coğrafi ərazidən daha artıq olan mənəvi ərazi var ki, o dağıdılanda çətin bərpa olunur. Biz “Bulaq”la o mənəvi ərazini qoruduq”.
Həmin mənəvi ərazi 35 il dilimiz hesabına qorunub. “Bulaq” hələ o dövrdən şivə və dialektlərdən gələn və özünə yaşama hüququ qazanan sözlərin unutdurulmaması üçün çalışıb. Görkəmli aktyor Səməndər Rzayev və aktrisa Məxluqə Sadıqovanın aparıcılığını etdikləri bu veriliş hesabına Azərbaycan xalqı bayatılarını, atalar sözlərini, deyimlərini, nağıl və dastanlarını yaddaşında yaşadıb. Şəfəq Əlixanlı deyir ki, “Bulaq” Azərbaycanın çox ünlü söz adamlarının yetişdirdiyi və yetişdiyi bir ocaqdır:
“Bulaq” verilişinin beşiyi başında Xalq yazıçısı Mövlud Süleymanlı, əməkdar mədəniyyət işçisi Vaqif Əlixanov, professor Kamil Vəliyev, Ağalar Mirzə, İntiqam Mehdizadə, Əhməd Oğuz və başqaları dayandılar. “Bulaq” verilişi xalqın bu günədək ürəyində elə xalq artisti kimi yaşayıb qalan Səməndər Rzayevlə Məxluqə Sadıqovanın sanki boyuna biçilmişdi. Azərbaycanın dağ rayonlarından, bugünkü Təbrizdən, Türkiyənin bizə yaxın ərazilərindən dinləyə bilən insanlar çox vaxt Səməndər Rzayevlə Məxluqə xanımı “Bulağ”ın yaradıcısı bilirdilər. Onlar o mətnləri o qədər doğmalaşdırıb oxuyurdular ki, ssenari müəllifi bir tərəfdə qalırdı, onu təqdim edən ifaçılar xalqla özləri arasında bambaşqa bir doğmalıq yaratmış olurdular”.
Müsahibimizin sözlərinə görə, bu ocaqdan boy verən insanlar bu gün ədəbiyyatın, sözün müxtəlif sahələrində çalışırlar:
“Bir də bu ocağı bəyənib ona dəyər verən insanımız var ki, onların sözü bizim üçün çox əhəmiyyətlidir. Ulu öndər Heydər Əliyev başda olmaqla Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Söhrab Tahir kimi şəxsiyyətlər “Bulağ”ın ünvanına o qədər xoş sözlər yetiriblər ki, bunlar özü də “Bulağ”ın uzunömürlü olmasına gətirib çıxarıb. Bu gün dilimizdə işlənən çox sözlər var ki, onlar vaxtilə “Bulaq”da qorunub deyə dilimizdə yaşayır. Ün (səs), azman (böyük), aylanmaq (dolanmaq) kimi sözlər bu qəbildəndir”.
Xalçaçılıqdan tutmuş boyaçılıq, misgərlik, ipəkçiliyə kimi azərbaycanlıların qədim peşə sahələrinin incəlikləri barədə də məlumatların ötürüldüyü “Bulaq” verilişi ümidin ölmək üzrə olduğu bir vaxtda çürümək təhlükəsi olmayan yeni toxumları cücərdib. İllərin çətinliklərinə sinə gərən “Bulaq” bu gün də öz axarıyla davam edir və büllur sularından dinləyicilərinə pay verir. Səməndər Rzayevdən sonra “Bulağ”ı İlham Əsgərov xalqa çatdırıb. 2015-ci ildə aktyor İlham Əsgərovun vəfatından sonra verilişdə bir müddət Səməndər Rzayevin oğlu Rəşid Səməndər aparıcılıq edib. 2019-cu ildən etibarən isə 22 ildir “Bulağ”ın keşiyində dayanan aktrisa Səidə Quliyevaya görkəmli aktyorumuz Səməd Hətəmov yoldaşlıq edir.
Redaktor Şəfəq Əlixanlı bildirir ki, Səməd bəyin səsi ilə “Bulaq” öz yeni ömrünü yaşayır. Əslində, qarşımda dayanan, köklərinə bağlılıqla ilahiləşən bu iki insana görə burada məsələ köhnə və ya yeni olmaqda deyil. Onlar hesab edirlər ki, buranın bir parçası olmaq üçün qəlbən “Bulaq”çı olmaq lazımdır. Çünki Şəfəq xanımın da dediyi kimi, bu gün dəyişən çox şey var, qloballaşma adı altında xalqlar öz milli dəyərlərini itirirlər. Belə mübhəm bir zamanda özünü qorumaq üçün həm də fikrən “Bulaq”çı olmalısan.
Şəfəq xanım deyir ki, dəyişmə ağrılı bir prosesdir, bəzən bu ağrı böyük ocaqlarda da hiss olunur. Hətta Azərbaycan Radiosu da özünün bir çox verilişlərindən imtina edib, yeni yolla yeni nəfəsə qatılıb:
“Pilot verilişlər isə özünü zamanla təsdiq edir. Yeni nəfəslər gələcək, yeni müəlliflər olacaq. Amma hər müəllif də o bulağın mirvari sularına öz payını qatacaq. Mən onu da deyim ki, “Bulağ”ın illərlə bir həsrət mövzusu vardı. 30 il “Bulağ”ın bayatısı da, anaların laylaları da ağlayırdı, o həsrəti yaşadırdı. Amma son üç ildir ki, biz “Bulaq”da bütöv Azərbaycanı öyürük. Hətta övlad itkisinin belə qürurunu yaşayan anaların bayatıları indi qulağımızda səslənir. Bu günün dastanları da başqadır. Bu günün söz sənəti Azərbaycanın qürur tarixini yaşayır. O zəfərin sevinci xalqın “Bulağ”ında daha artıq hiss olunur. Xalqın çox incinmiş, az qala itirilməkdə olan ümidini nə gözəl ki, illərlə “Bulaq” yaşatdı. “Bulaq” elə saf məbəddir ki, yaşayıb, yaşayır və mütləq yaşayacaq. Azərbaycan xalqının milli-mənəvi dəyərləri var olduqca “Bulağ”ımız efirdən silinməyəcək”.
Bir az da Səməd Hətəmovla danışırıq, “Bulaq”da işləməyin gənclik arzusu olduğunu deyir:
“1980-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam, 1984-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişəm. Hələ 1970-ci illərdən “Bulaq” verilişinə sevə-sevə qulaq asmışam. Həmişə arzum olub ki, qismət olsun, nə vaxtsa mən də bu verilişi səsləndirim. Nəhayət, dörd ildir ki, Respublikanın xalq artisti Səidə xanımla birlikdə bu yolu gedirik. Fikrimcə, bu verilişi hər adam oxuya bilməz. Aktyor ola bilərsən, amma “Bulağ”ı səsləndirmək üçün gərək onu sevəsən, folklora həvəsin olmalıdır. Mən qarabağlıyam, Qarabağdan gələn sözlərimiz var, el-obada işlədirik, onların hamısına verilişimizdə yer verilir. Bu veriliş unudulub getməkdə olan bir çox sahələrdə bizim milli baxışlarımızı özündə ehtiva edir. Bizim də borcumuz odur ki, onu yaşadaq”.
“Bulağ”ı bu gün Cənubi Azərbaycandan da dinləyirlər. Səməd Hətəmov deyir ki, bu veriliş soydaşlarımıza dilimizi qorumaq üçün kömək edən ən əsas vasitədir:
“Cənubi azərbaycanlılar mənə deyirdilər ki, biz “Bulaq” verilişinin hesabına cənubda dilimizi saxlamışıq. Bu gün də onlar bizim verilişə məktublar yazırlar. “Biz sizin verilişi yazıb kasetlə bir-birimizə ötürürük”, – deyirlər. “Bulağ”ın əlli illiyi ilə bağlı Mədəniyyət TV-də çəkiliş vardı, bizi də dəvət etmişdilər, mən də orada bir ifadə işlətdim ki, “Bulaq” verilişi bizim milli kimliyimizdir. İstənilən insan Azərbaycanın milli kimliyini orada görə bilər. Hər bir millətin tarixi var və hər bir millət öz tarixinə hörmət etməyə borcludur. Haradan gəlib, hara gedəcəyimizi dəqiq bilməliyik.
Bulaq kimi süzülən bayatılarımızın işartıları var bu verilişdə. Heç bir halda biz onun yayımını dayandıra bilmərik.
Bəzən reytinq xatirinə veriliş yaradırlar. Amma onlar Azərbaycan xalqına heç nə verməyəcək. Biz isə reytinq arxasınca getmirik, milli-mənəvi dəyərlərimizi özündə yaşadan verilişi qorumaq istəyirik. Bu verilişin vaxtını bir az da artırmaq yaxşı olardı, çünki bu səpkidə veriliş yoxdur. Açığı, çox böyük qonorarımız yoxdur, sadəcə olaraq, biz daxilən bu verilişə bağlıyıq. Balıq dəryada özünü necə hiss edirsə, mən də bu verilişi oxuyanda özümü elə hiss edirəm”.
Bəlkə də, kimlərsə Səməd Hətəmovun dediklərinin sentimental baxışın təcəssümü olduğunu düşünür. Amma doğrudan da, “Bulaq”da bizim minilliklərlə var olan ənənəmiz, tariximiz, folklorumuz öz əksini tapır, o, mənəvi tellərimizi bütün dolğunluğuyla özündə ehtiva edir və gələcək nəsillərə ötürür. Ona görə də hesab edirəm ki, xüsusilə gənclərimiz özümüzə qayıtmaq üçün bu verilişi dinləməlidirlər. Xalqın “Bulağ”ı hər həftənin bazar günü 19:30-da sevənlərinin görüşünə gəlir. İzləyək, izlədək!
Daha çox foto burada: PhotoStock.az
Sayad Həsənli
www.102info.az