Hava şəraitinin kəskin dəyişməsi sürücülərlə yanaşı, piyadalar üçün də çətinliklər yaradıb. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sahibkarlara çağırış edib.
Qurum rəsmisi, polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib ki, son iki gün ərzində yollarda aidiyyəti qurumların gördükləri işlərə şəxsi dəstək və təşəbbüslərin də olmasını arzuolunan hesab edirlər:
“Xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, eləcə də digər qurumların əməkdaşları gecə-gündüz demədən DİN-in tabeli qurumlarının işçiləri ilə birlikdə soyuqda xidmət aparıblar. Bu xidmət hələ də davam edir. Heç kimin əməyini danmaz olmaz. Lakin bir məsələyə də diqqət çəkmək istərdim.
Başqa vaxt hər hansı sürücü avtomobilini yol kənarındakı obyektlərin qarşısında bir dəqiqəlik də olsa, saxladıqda obyekt sahibləri narazılıqlarını bildirirlər. Qarlı hava şəraitində bir qrup sahibkar istisna olmaqla digərləri elə düşünürlər ki, onların obyektlərinin qarşısındakı qarı, buzu kimsə gəlib təmizləməlidir. Piyadalar da hərəkət iştirakçılarıdır və DYP rəsmisi olaraq onların təhlükəsizliyini təmin etmək də bizim borcumuzdur. Hesab edirik ki, bu, insan kimi də, polis əməkdaşı kimi də ən vacib məqamdır.
Bu baxımdan da öncə piyadalardan şəxsi təhlükəsizlik və yol hərəkəti qaydalarına həyat və sağlamlıqları naminə ciddi şəkildə riayət etməyi, həmçinin səki kənarlarında yerləşən obyekt sahiblərindən, müəssisə və təşkilatlardan isə məsuliyyət nümayiş etdirməyi, ən azından, obyektlərinin qarşısını təmiz saxlamağı, anlayışlı rəftar etməyi, ümumi işlərə dəstək olmalarını xahiş edirik”.
Könül Cəfərli
www.102info.az