“Sədərək”dəki yanğını törətməkdə şübhəli bilinən şəxsin atası nə baş verdiyini açıqladı

Cəmiyyət

“Oğluma başqa adla sənədə imza atdırıblar. Onu aldadaraq yanğını törətdiyini təsdiqləyən sənədi imzalatdırıblar”.

Bu sözləri “Sputnik Azərbaycan”a açıqlamasında Sədərəkdə baş verən yanğında təqsirləndirilən Əfqan Abdullayevin atası Səməd Abdullayev deyib.

O bildirib ki, yanğının oğlu ticarət mərkəzindən çıxdıqdan sonra baş verdiyini kamera görüntüləri də təsdiqləyir.

“Mənim oğlumun ağlı yerindədir. Dəli deyil ki, öz mağazasını yandıra. Biz təzəcə mal vurub mağazamızı doldurmuşduq. Oğluma başqa adla sənədə imza atdırıblar. Onu aldadaraq yanğını törətdiyini təsdiqləyən sənədi imzalatdırıblar. Mən yeni əməliyyat olunmuşam. Dünən səhər saat 10:00-dan oğlumu çək-çevirə salıb sonda saat 19:00-da bir sənədə imza atdırmaqla həbs ediblər”.

S.Abdullayev həmçinin bildirib ki, onun həyat yoldaşı ticarət mərkəzinin rəhbəri ilə yaxın qohumdur:

“Biz öz qohumumuzun mərkəzinə ziyan vurarıqmı? O ticarət mərkəzində hər kəs məni də, oğlumu da yaxşı tanıyır. Hamısı bilir ki, biz belə iş görmərik. Ona görə kim mənə zəng edirsə, oğlumu şərləməkdə nə məqsəd olduğunu soruşur. Biz öz çörəyimizin də düşməni deyilik ki. Oradan bizim ailəmiz də çörək yeyir. Öz malımıza od vuracaq qədər ağlımızı itirməmişik. Oğlumu dövlət vəkillə təmin edib. Bu gün özüm bu işin arxasınca gedəcəyəm. Yanğın qısaqapanmadan baş verib”.

“Sədərək” ticarət mərkəzində mağazası yanmış sahibkar Elçin Mahmudov “Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, yanğında şübhəli bilinən Əfqan Abdullayev də orada atası ilə birgə mağaza işlədir. Onun sözlərinə görə, elə yanğın onların mağazasından başlayıb.

“Əfqan atası ilə birgə yorğan-balış, tekstil məhsulları satır. Onlar yeri icarəyə götürmüşdülər. Yanğını Əfqanın qəsdən törətməsinə inana bilmirəm. Atası çox yaxşı, namazqılan insandır. Özünü də pis insan kimi tanımırıq. Yanğın baş verəndən sonra ondan soruşdum ki, necə olub bu hadisə? Mənə bildirdi ki, ən son o çıxıb, çıxanda sayğacı söndürüb. Onların mağazasında elektrik qızdırıcısı da olmayıb. Yanğını öz mağazasında törətməsinə adamın inanmağı gəlmir. Onu şəxsən yaxşı tanımasam da, atası çox hörmətli, din əhlidir. Belə hadisəni onun oğlunun törətməsi də ağlabatan görünmür. Amma yenə də yəqin, prokurorluq araşdıraraq hüquqi qiymət verəcək”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir