Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı ötən il “Nağdsız hesablaşmalar haqqında” qanuna yeni maddə əlavə edilib və bu qaydanın bu il fevralın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Bəs Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı zamanı ödənişlərin yalnız nağdsız qaydada aparılması mümkündürmü?
Bu barədə “Report”a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev təmsil etdiyi sektorda alqı-satqı ilə bağlı yeni hüquqi tənzimləməyə ehtiyac olduğunu deyib:
“Bu gün Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı üç formada aparılır. Çıxarışlı mənzillərin alqı-satqısı notarial qaydada rəsmiləşdirilir. Bu növ alqı-satqı zamanı daşınmaz əmlakı alan şəxs notarial qaydada sənədlər yoxlanıldıqdan sonra ödənişi ona verilən hesab nömrəsinə edir və əmlakı satan da həmin hesab nömrəsi üzərindən öz vəsaitini nağdlaşdırır.
Çıxarışı olmayan yeni tikili binaların ilkin alqı-satqısı müqavilə ilə aparılır. Yəni MTK-nın verdiyi müqavilə və maliyyə arayışı əsasında onun rəhbərinə nağd şəkildə ödəniş edilir. Yeni tikili binalarda təkrar satışlar zamanı isə çıxarış olmadığına və prosedur notarial qaydada getmədiyinə görə burada da ödəniş nağd formada edilir.
Bu gün Bakıda yüzminlərlə çıxarışı və ya müqaviləsi olmayan fərdi həyət evləri var. Bu evlərin satılması üçün bir mexanizm yoxdur. Buna görə də vətəndaşlar bu evləri bir-birlərinə daha çox etibarnamə yolu ilə satır, yaxud sayğacları alıcının adına keçirirlər. Bu zaman da ödəniş nağd şəkildə olur”.
E.Fərzəliyev hesab edir ki, daşınmaz əmlakın alqı-satqısının nağdsız formada aparılması üçün ilk növbədə həmin satış mexanizmləri dəyişilməlidir.
O, bu istiqamətdə atılmalı addımlara toxunub:
“Yeni tikili binalarda satılan mənzillərin hər birinin reyestri aparılmalı, bütün mənzillər qeydiyyata alınmalıdır. Bu, həm də bir mənzilin bir neçə şəxsə satılmasının qarşısını alar. Amma bu mənzillərin çıxarışlar verilənə qədər təkrar satışı zamanı hansı mexanizmin tətbiq edilə bilməsi sual altındadır. Sənədi olmayan həyət evlərinin də ilkin qeydiyyatı olmalı, onların rəsmiləşdirilməsi hansısa dövlət qurumunda aparılmalıdır ki, alqı-satqı prosesi nağdsız ödənişlə olsun. Sözügedən qanunun tətbiqi üçün daşınmaz əmlakın alqı-satqısı ilə də bağlı qanuna dəyişiklik edilməlidir. Əks halda yeni mexanizmin işləməsi çox çətindir. Qanun bütün daşınmaz əmlakın alqı-satqısını nəzərdə tutur. Amma bu gün satışa çıxarılan daşınmaz əmlakın maksimum 30%-nə bu qanunu tətbiq etmək olar. Çünki satılan evlərin əksəriyyəti çıxarışı olmayan evlərdir”.
E.Fərzəliyevin sözlərinə görə, qeyd edilən fikirlər təkcə mənzillərə deyil, torpaq sahələri, zavodlar, fabriklər, zirzəmilərə də aid edilə bilər:
“Amma qeyri-yaşayış obyektlərinin çoxunun sənədi var. Qarajların belə, texniki pasportları var və bu pasport üzərindən onların notarial qaydada alqı-satqısı icra olunur. Amma digər çıxarışı olmayan obyektlərin alqı-satqısının nağdsız şəkildə necə aparılacağı sual altındadır”.
www.102info.az