Həkim bildirir ki, yeni çıxan cihazlarla evdə həkimlik etmək dişlərimizi zədələməyimizə səbəb ola bilər. Çünki o alətlərlə necə düzgün işləmək lazım olduğunu stomatoloq daha yaxşı bilir.
Elm və texnologiya sürətli inkişafdadır. Hər gün yeni-yeni alətlər ixtira olunur. İnkişaf o dərəcədədir ki, insanlar evdə özləri özlərinə həkimlik də edə bilirlər. Məsələn, artıq stomatoloq yanına getmədən özləri dişlərini bəyazlada, ərpini təmizləyə bilirlər. Necə? Yeni çıxan alətlər sayəsində. Əsasən xarici ölkələrdə satılan bu alətlər artıq ölkəmizdə də məşhurdur. Bazarda müxtəlif cür stomatoloji alətlər satılır. Hansı ki, insanlar əvvəllər dişlərini yalnız stomatoloqlara bəyazladar, ərpini təmizlədərdilər. Yəni bir zamanlar yalnız stomatoloqun kabinetində görülən işləri hazırda insanlar evdə də rahatlıqla edə bilər. Bəs görəsən mütəxəssislər nə deyir? Bu cür aparatlardan ev şəraitində istifadə etmək düzgündürmü?
“Kaspi” qəzeti bu sualları sahənin mütəxəssisinə ünvanlayıb.
Bərkimiş diş daşlarını heç bir fırça təmizləyə bilməz
Stomatoloq Rəsul Tağıyev açıqlamasında dedi ki, bu cür alətlərdən yalnız elektrikli fırçalardan istifadə etmək olar: “Alət fırça şəklindədirsə, istifadə etmək olar. Məsələn, elektrikli diş fırçaları sonik və ultrasonik olur. Sonik və ultrasonikin fərqi səs tezliyinə görədir. Səs tezlikli, yəni sonik fırçalarda 1 dəqiqədə tükcüklər 32 min dəfə hərəkət edir. Bu hərəkətlər nəticəsində dişin üzərində olan yumşaq ərp təmizlənir. Ultra yüksək tezlikli fırçalarda isə tükcüklər 1 dəqiqədə 100 milyon dəfə hərəkət edir. Ultra səs vibrasiyası nəticəsində dişin səthində olan ərp parçalanır və yuyulub gedir. Bərkimiş diş daşlarını bu fırçalar da təmizləyə bilməz. Onlar yalnız stomatoloqun kabinetində, xüsusi qurğuların köməyi və məxsusi metodika ilə təmizlənə bilər. İnsanın ağzında keramik vinirlər varsa, elektrikli fırçalar məsləhət görülmür. Çünki onlardan istifadə vinirin qopmasına səbəb ola bilər”.
Dişləri ağartmaq üçün olan gellərdən kortəbii istifadə etmək olmaz
Həkim bildirdi ki, insanların evdə istifadə etdiyi diş ağartmaq üçün olan gellərin stomatoloq nəzarəti olmadan istifadəsi qadağandır: “Apteklərdə, tibbi marketlərdə müxtəlif yönümlü cihazlar satılır. Dişləri kimyəvi ağartmaq üçün içərisində hazır gel olan kappalar var. Bəzi tibbi market və apteklərdə satılır. Onların da stomatoloq nəzarəti olmadan istifadə olunması məsləhət deyil. Çünki o dərmanların tərkibində diş ətini həddən çox qıcıqlandıran aqressiv maddələr var. Kimyəvi tərkibli olan gellərlə dişin üzərindəki piqmentləri yalnız stomatoloqun nəzarəti altında xüsusi prosedur vasitəsilə təmizləmək olar. Bu dərmanların istifadəsindən əvvəl stomatoloq tərəfindən diş əti xüsusi materialla örtülür ki, qıcıqlanmasın. Gelin neçə dəqiqə qalması, hansı hallarda dərhal yuyulması və ya artırılmasını stomatoloq daha yaxşı bilir. Həmin gellər dodağa, diş ətinə, dilə dəyəndə kimyəvi yanıqlar əmələ gətirə bilər”.
Bu alətdən ev şəraitində istifadə etmək olmaz
R.Tağıyevin sözlərinə görə, ev şəraitində bu alətlərdən istifadə etsək həm diş minamız, həm də diş ətimizdə travmalar yarada bilərik: “Stomatoloqların diş daşlarını təmizləmək üçün skeyler adlandırılan ucu iti aləti var. Bu alət brend firmalar tərəfindən hazırlanmalı, keyfiyyəti yüksək olmalıdır. Stomatoloq diş ətini və səthini insanın güzgüdə gördüyündən daha yaxşı görür. Alət dişin səthinə hansı bucaq altında tətbiq edilməli, necə tutulmalı, dişin səthini cilalayıb, parlatmalıdır, – bunları yalnız stomatoloq bilir. Ona görə bu alətdən ev şəraitində istifadə etmək qəti şəkildə yolverilməzdir. Ev şəraitində mina qatında istər-istəməz cızılmalar və çatlar əmələ gələ, diş əti travmaya məruz qala, qanaya bilər”.
6 aydan bir stomatoloqa getmək lazımdır
Stomatoloq qeyd etdi ki, problemin ən yaxşı həll yolu həkimə vaxtında getməkdir: “Bütün dünyada dişə necə qulluq edilməsindən asılı olmayaraq 6 aydan bir profilaktik baxış üçün stomatoloqa getmək tövsiyə olunur. Çünki dişin elə səthi var ki, insan onu görə bilmir. Orada diş ərpi toplanır, yaxud kariyes inkişaf edir. Stomatoloq isə xüsusi alətlərin köməyi ilə onları görə bilir və vaxtında aradan qaldırır”.
Dişlərin sağlam olması üçün bütün bədən sağlam olmalıdır
R.Tağıyevin fikrincə, dişlərimizi qorumaq üçün diqqət etməli olduğumuz məqamlar var: “Dişlərimiz bütün orqanlarla sıx əlaqədədir. Yəni dişlərin sağlam olması üçün bütün bədən sağlam olmalıdır. Qidalanmağımıza fikir verməliyik. Şirniyyat və un məmulatları, sorma konfetləri çox yemək olmaz. İçilən suyun tərkibi də böyük rol oynayır. Dişlərin tüpürcək ilə yuyulması önəmlidir. Yəni nə qədər tüpürcək ifraz olunarsa, dişlərin səthi ərpdən yaxşı yuyular. Ola bilir ki, müəyyən səbəblərdən ağız boşluğunda tüpürcək ifrazı azalır. Bu da azalanda diş səthi pis yuyulur, kariyes əmələ gəlir. Məsələn, siqaret çəkən insanlarda, tüpürcək vəzi xəstəliklərində, şəkərli diabetdə, bir sıra nevroloji xəstəliklərdə də tüpürcək ifrazında problemlər yaranır. Dişlər gündə ən azı 2 dəfə fırçalanmalıdır. Qida qəbul etdikdən sonra ağız boşluğu yaxalanmalıdır. Dişlərin sağlam olması bu faktorlardan asılıdır”.
www.102info.az