ÜST ekspertləri Maykl Rayan və Mariya Van Kerkxove bildiriblər ki, bəzi xəstələr yoluxandan sonra həftələr boyu, hətta aylar boyu bu xəstəliyini simptomlarını hiss edirlər. Bəzi xəstələrin öskürəyi və təngnəfəsliyi keçmir. Mariya Van Kerkxove deyib: “Biz belə halların səbəblərini hələ öyrənirik, ona görə bu mövzuda danışmaq istəməzdim”.
Mövzu ilə bağlı tibb eksperti, Azərbaycanın professoru Adil Qeybulla danışıb:
“Xəstəlik adətən ümumi yorğunluq, halsızlıq, təngənəfəslik və qızdırma ilə müşaiyət olunur. Bu xəstəliyin əsas əlamətləridir. Bura digər əlamətlər də qoşula bilər. Məsələn, döş qəfəsində sıxıntı, dad, qoxu bilmənin itməsi, ürəkbulanma, qusma, mədə-bağırsaq pozuntuları, böyrəklərin problemləri daxil ola bilər. Xəstəlik hər insanda müxtəlif cür gedir. Bu orqanizmin tipindən asılıdır. Virus yanaşı xəstəliyin olması, qəbul olunan virus dozasının miqdarından da asılıdır. Yəni orqanizmə kontaktdan asılı olaraq eyni anda nə qədər virus daxil olur. Az miqdarda virus orqanizmə daxil olduqda xəstəlik subklinik, yəni gizli formada keçir. Xəstəliyin gedişində konkret simptomatika yoxdur”.
Tibb eksperti Adil Qeybulla yuxarı tənəffüs yollarının qatarı ilə gedən xəstələrin, yəni öskürək, asqırma, ümumi halsızlıq, zəiflik, təngənəfəslik, qızdırma, uzunmüddət kəsməyən öskurək müşahidə edilən insanların müayinə olunmalı olduğunu bildirib. Ekspert koronavirusa yoluxmadan əmin olmaq üçün insanların təkcə testdən deyil, bir neçə tibbi müayinədən keçməli oldugunu açıqlayıb:
“Testin özü tam spesifik deyil. Yəni testin həssaslıq, dəqiqlik göstəriciləri xeyli aşağıdır. Ona görə də birmanəlı olaraq bir simptomun uzərində dayanmaq mümkün deyil. Həm klinik simptomatika, həm labarator gostəricilər, həm kompüter tomoqrafiyasında ağciyərin vəziyyəti və test birgə dəyərləndirilməlidir. Bunlardan ayrı-ayrılığına istinad etmək düzgün olmazdı”.
Adil Qeybulla Abşeron əhalisinin 60 faizinin artıq virusa yoluxdugunu bildirib.
Professor həmçinin bu ilin sonunda koronavirus pandemiyasının Azərbaycanda tam mutasiya olunaraq yox olacağını açıqlayıb: “Karantin məsələsinin effektliyinə gəldikdə isə düşünürəm ki, artıq Abşeron əhalisinin yoluxma faizi kifayət qədər yüksəkdir. Burada 60 faiz əhali virusa yoluxmuş durumdadır. Abşeron yarımadasında Azərbaycan əhalisinin böyuk əksəriyyəti toplaşıb, rayonlarda çox az adam var. Rayonlara gediş- gəliş yolu bağlansa da, insanlar müəyyən yollarla rayonlara gedirlər. Əgər rayonlarda bu tendensiya davam etsə, mənzərə başqa cür olacaq. Bizdə ikinci dalğadan söhbət gedə bilməz. Reinfeksiyadan söhbət gedə bilər. Yəni ki Azərbaycanda virusda sönmə müşahidə eləmədik əslində. Koronavirus dünya üzrə ikinci dalğalara müəyyən yerlərdə başlayıb. Azərbaycanda koronavirus bu ilin sonuna, 8-9 ay müddətində mutasiyaya uğrayıb yoxa çıxmalıdır”.