Naxçıvanda son zamanlar baş verən dəyişikliklər daşınmaz əmlak bazarına da təsir göstərib.
“Report” Naxçıvanda mənzillərin satış qiyməti və kirayə bazarındakı son vəziyyətlə bağlı araşdırma aparıb.
Mövzu ilə bağlı danışan əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə, Naxçıvanın əmlak bazarının indiyədək digər regionlardan fərqləndiyini açıqlayıb.
Onun sözlərinə görə, indiyədək Naxçıvanda daşınmaz əmlakların satışı çox, alışı isə yox dərəcəsində olub.
“İndiyədək Naxçıvanın əmlak bazarı durğun vəziyyətdə idi və digər regionlardan xeyli fərqlənirdi. Məsələn, Naxçıvanda dörd otaqlı mənzilin satış qiymətinə paytaxtda yalnız bir otaqlı mənzil almaq mümkün olardı.
Düşünürəm ki, indi Naxçıvanın əmlak bazarında canlanma olacaq. İnsanlarda Naxçıvana olan marağın artması, orada iş imkanlarının inkişaf etməsi əmlak bazarını formalaşdıracaq. İndiyədək orada əmlak bazarı demək olar ki, yox səviyyəsində idi. Vətəndaşların çoxu evlərini sata bilmədikləri üçün onları bağlayıb Bakıya, Türkiyəyə və ya digər ölkələrə üz tuturdular”.
Ekspert daşınmaz əmlak bazarındakı qiymətlərə toxunaraq bildirib ki, Naxçıvan ərazisində bir otaqlı evlərin qiyməti 10-15 min manat, iki otaqlının qiyməti isə 20-25 min manat aralığında dəyişir:
“Qiymətlər ucuz olduğu üçün daha çox bina evlərinə tələbat var idi. Bu isə digər regionlarda yaşayan Naxçıvan sakinlərinin ata-baba yurdlarından bir əmlak almaq istəkləri ilə bağlıdır. Evlər daha çox Türkiyə və İrandan gələn şəxslərə günlük kirayə vermək məqsədi ilə alınırdı. Bu səbəbdən kirayə bazarı nisbətən daha aktiv idi. Hələ ki, Naxçıvanda qiymət artımından danışmaq üçün tezdir. Hazırda buranın əmlak bazarı Azərbaycanın kiçik miqyaslı rayonları ilə müqayisə olunacaq səviyyədədir”.
R.Qasımzadə Naxçıvanda evlərin kirayə qiymətlərinin aylıq 100-150 manat aralığında dəyişdiyini bildirib:
“Günlük kirayə qiymətləri 20-30 manat arası dəyişirdi. Amma yenə də kirayə bazarına tələbat çox deyildi. Düşünürəm ki, artıq Naxçıvanda əmlak bazarındakı qiymətlər Bakı ilə oxşar olacaq”.
Ekspert Muxtar Respublikada ən çox tələbatın Naxçıvan şəhərinə olduğunu qeyd edib:
“Digər rayonlar çox passiv səviyyədədir. Orada vətəndaş öz evini satmaq üçün yalnız qonşusuna təklif edə bilərdi”.
R.Qasımzadənin sözlərinə görə, Naxçıvanda ev tikintisinə də tələb azalmışdı, çünki, tikinti zamanı evə çəkilən xərc satış zamanı onu qarşılamırdı:
“Tikinti materiallarının qiyməti yüksək olduğundan vətəndaşlarda yeni evlərin tikintisinə maraq yox idi. Tikintisi 50 minə başa gələn evi vətəndaş heç 20 minə sata bilmirdi. Bu da birbaşa əmlak bazarına təsir göstərən amillərdən biridir”.
Ekspert Naxçıvanda əmlakın özəlləşdirilməsi proseslərinin çox ləng aparıldığını vurğulayıb:
“Bakı və regionlardan fərqli olaraq burada özəlləşdirmə formal bir xarakter daşıyırdı, torpaqların özəlləşdirilməsi prosesi də monoton, standart bir qiymətlə həyata keçirilirdi. Orada əmlakın özəlləşdirilməsi və bununla bağlı qiymətləndirilməsi birbaşa Naxçıvanın Ali Məclisinə aid olan məsələ idi”.
Qeyd edək ki, ötən ilin dekabrın 22-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub. Naxçıvanın rəsmi qurumlarında struktur islahatlar aparılır.
www.102info.az