Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətində növbəti dəfə problem yaranıb. Naxçıvan “xan”ının sağlıq durumu kəskin pisləşdiyi üçün Bakıdan gedən tanınmış həkimin müdaxiləsinə ehtiyac yaranıb.
Yenisabah.az xatırladır ki, vəzifədən istefa verdiyi ötən 40 gün ərzində Vasif Talıbov üçüncü dəfə tibbi yardım almaq məcburiyyətində qalıb. Onun səhhətinin pisləşməsi son vaxtlar xarakterik hal almağa başlayıb.
Yaxın qohumlarından biri “Yeni Sabah”a bildirib ki, sabiq Ali Məclis Sədrinin hazırkı durumu heç də ürəkaçan deyil. O, son vaxtlar evinə qapanan və ətraf aləmdən tamamilə təcrid olunan Naxçıvan “xan”ının üç gün əvvəl insult keçirdiyini bildirib.
Mənbə sabiq Məclis sədrinin ev şəraitində müalicə olunmasının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, V.Talıbov Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrinə etibar etmir. O, MR-də keyfiyyətli tibbi yardım alacağına inanmır.
Qohumunun dediyinə görə, Talıbovun ev şəraitində müalicə olunmasının başqa bir səbəbi isə dilə-dişə düşməməkdir. V.Talıbov hesab edir ki, Naxçıvanda, yaxud Bakıdakı tibb müəssisələrinin birinə yerləşdirilsə, bu faktı ictimaiyyətdən gizlətmək mümkün olmayacaq. Yəni o, tibbi personalın mediaya məlumat sızdırmasından ehtiyatlanır. Buna görə də keyfiyyətli tibbi yardım ala biləcəyi bütün klinikaların xidmətindən könüllü imtina edib.
Yaxın qohumu onu da bildirib ki, hazırda Vasif Talıbov üçün ən optimal variant qonşu İran və Türkiyədə müalicə olunmaqdır. Adının İran kəşfiyyatı ilə hallanması Talıbovun bu ölkəyə getməsini mümkünsüz edib. Keçmiş rəhbərin Türkiyədə müayinə və müalicə olunmaq arzusu isə baş tutmayıb. Ona ölkəni tərk etməyi məsləhət görməyiblər.
www.102info.az