Bakıda taksi sürücüsü ilə polis əməkdaşları arasında mübahisə yaşanıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə yanvar ayının 20-də, saat 17:45-də metronun “Koroğlu” stansiyasının qarşısında baş verib. Belə ki, Post-Patrul Xidməti əməkdaşları səsgücləndirici vasitəsilə taksi fəaliyyəti ilə məşğul olan VAZ-2106 markalı avtomobilin sürücüsü Tahir Mədətovun (ad-soyad şərtidir) nəqliyyat vasitəsini həmin ərazidən çıxarmasını tələb ediblər.
Hadisə məhkəməyə qədər böyüyüb.
Məhkəmədə ifadə verən taksi sürücüsü deyib ki, PPX əməkdaşı ona yaxınlaşaraq, kobud formada və nalayiq ifadələrlə onu alçaldıb və maşınını oradan çəkməsini bildirib. O, hər iki tərəfdən maşınının çıxması üçün yer olmadığını polis əməkdaşının diqqətinə çatdırıb. Lakin polis əməkdaşı onun dediklərinə qulaq asmadan, onu zorla dartıb sürüyərək post-patrul avtomaşınına mindirib. Hadisə zamanı ətrafa toplaşan şəxslər onu polis əməkdaşlarının əlindən alaraq, maşından düşürüblər. Bundan sonra PPX əməkdaşları onu buraxıb və ərazidən uzaqlaşıblar. Taksi sürücüsü bu barədə “102” xidmətinə zəng vuraraq şikayət edib. Bundan sonra 25-ci Polis Şöbəsinə yaxınlaşaraq, hadisənin təfərrüatı barədə növbətçi hissəyə məlumat verib və həmin polis əməkdaşının cəzalandırılmasını tələb edib. Bundan sonra onu 25-ci Polis Şöbəsinə dəvət ediblər. Taksi sürücüsü polis şöbəsində olarkən onun barəsində protokol tərtib edilib və məhkəməyə gətirilib.
Polis əməkdaşı isə ifadəsində qeyd edib ki, maşını ərazidən çıxarmalarına dair əmrə tabe olmayan sürücü onları təhqir edib və “poqonlarınızı sökdürəcəyəm” deyib. Bu barədə o, 25-ci Polis Şöbəsinə raportla müraciət edib.
Məhkəmənin qərarı ilə taksi sürücüsü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinə əsasən, 150 manat məbləğində cərimə edilib.
www.102info.az