Şəkidə 5 yaşlı uşaq vəfat edib.
Oxu.Az-ın məlumatına görə, Zaqatala rayonunda anadan olan Şəki şəhəri, R.Ocaqov küçəsində yaşayan Zəhra Eyvazlı Şəki Rayon Mərkəzi Xəstəxanasında tənəffüs çatışmazlığından dünyasını dəyişib.
Uşağın valideynləri onun həkim səhlənkarlığından öldüyünü iddia edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci il təvəllüdlü Eyvazlı Zəhra Tariel qızı 20.01.2023-cü il saat 12:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib:
“O, tibb müəssisəsinə yerləşdiriləndə hərarəti yüksək (40.3 dərəcə) olub. Zəruri tibbi xidmətlər göstərilib. Saat 13:30 radələrində ambulator müalicə üçün evə buraxılıb. Evə buraxılanda hərarəti 37.8 dərəcə olub. Yanvarın 20-də 15:15-də yenidən tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Gətirilərkən Z.Eyvazlı aqonal vəziyyətdə olub, tənəffüs çatışmazlığı müşahidə edilib.
Temperaturu 35 dərəcə olan pasiyentdə nəbz və təzyiq izlənməyib. Həkimlərin səyinə baxmayaraq, 15:50 radələrində dünyasını dəyişib”.
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az