Son zamanlar Naxçıvanda yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur.
Yol qəzalarının baş verməsində səbəb əsasən sürücü və piyada səhlənkarlığı olsa da, bir sıra hallarda da yol şəraiti əsas amillərdən biri kimi göstərilir.
Qəzaların əsas səbəblərindən biri yolda hərəkəti tənzimləyən xüsusi yol nişanlarının ya olmaması, ya da düzgün tənzimlənməməsidir. Bir çox yol nişanları yolun kənarında deyil, asfalt örtüyünün üzərindədir. Bu isə həmin nişanın lazım olan məsafədən görünməməsinə səbəb olur. Yağıntılı və qarlı havada isə bu nişanları heç yaxın məsafədən də görmək mümkün olmur.
Digər bir problem isə yol tikintisi zamanı asfalt örtüyünün standartlara uyğun salınmamasıdır. Ötən illərdə yol çəkilişi zamanı “qənaət rejimi”nə keçən tikinti şirkətləri asfalt örtüyünü lazımi qalınlıqda vermədiyindən xüsusilə kənd yolları tez sıradan çıxır, istismar müddəti çox qısa olur. Nəzərə aldıqda ki, Naxçıvanda kəskin kontinental iqlim, yəni yayda çox isti, qışda isə şaxtalı hava şəraiti hökm sürür, bu zaman standarta uyğun olmayan asfalt örtüyü qısa zamanda sıradan çıxır. Nəticədə yollarda əmələ gələn çat və çalalar bitumla təmir olunur. Bu isə isti havada yapışqanlıq, yağmurlu havada isə sürüşkənliyə səbəb olur.
Məsələ ilə bağlı Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yaxın vaxtlarda bu problemlərin həlli üçün lazımi işlərin görülməsi nəzərdə tutlub.
www.102info.az