Bakıda keçirilən “Qadınlar STEM”də adlı festivalda elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış ediblər.
Oxu.Az-ın məlumatına görə, R.Nəbiyev bildirib ki, ölkəmizdə qadınların elm və texnologiya sahəsinə marağı az deyil:
“Təəssüflər olsun ki, qadınların datalara (məlumatlara) çıxışı azdır. Bir məqamı qeyd edim ki, Azərbaycan Respublikasının Kosmik Agentliyində (“Azərkosmos”) çalışan işçilərin 40-50 faizini qadınlar təşkil edir. İnsanların potensialı əsas götürülməlidir. Bu işi kişi, yaxud qadın görə bilər – düşüncəsi olmamalıdır. Bu stereotipləri qırmalıyıq”.
Emin Əmrullayev tədbirdə çıxışı zamanı övladın təhsilli olması üçün anaların təhsil almasının əhəmiyyətini vurğulayıb:
“Bu gün biz qızları təhsilə cəlb edə bilmiriksə, bu, birbaşa övladlara təsir göstərəcək. Bu problem 2030-2040-cı illərdə özünü göstərəcək. Yəni bugünkü anaların təhsil almaması onların yetişdirəcəyi övladlara birbaşa təsir edəcək. Savadlı gələcək üçün qadınlarımızı təhsilə cəlb etmək lazımdır. Bu baxımdan bugünkü festival çox əhəmiyyətlidir. Bu gün Azərbaycan qadını özünü ifadə edə bilir, işləmə səviyyəsinə görə isə ilk 3-4-cü yerdədir”.
Nazir qeyd edib ki, fundamental riyaziyyatçılar yoxdursa, yaxşı startapçılar da ola bilməz.
Qeyd edək ki, festival çərçivəsində tələbə və mütəxəssislər üçün əmək yarmarkası, uşaqlar üçün STEM üzrə müxtəlif master-klaslar təşkil olunub.
İlhamə Əbülfət
www.102info.az