Qonşusunun evinə gəlib arvadından pul istədi, sonra isə qadını… – Bakıdakı cinayətin təfərrüatı

Cəmiyyət

Bakıda quldurluq məqsədi ilə qonşu qadını qətlə yetirməkdə təqsirli bilinən Kənan Əhmədovun cinayət işi üzrə təfərrüat məlum olub.

Ölkə.Az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində, 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan, 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o tutularaq istintaqa cəlb olunub.

Saxlanılan Kənan Əhmədov ifadəsində bildirib ki, səyyar xalça alveri ilə məşğul olub. Hərbi həkim komissiyasının qərarına əsasən, 427 manat təqaüd alsa da, həmin məbləğ ehtiyaclarını ödəməyib. Yaşadığı ev kiçik olduğuna görə həyətində başqa ev tikdirmək istəyib. Amma maddi vəziyyəti buna imkan verməyib. Qonşusunun evində təxminən 5-10 min manat arası pul olmasını düşünüb. Aprelin 27-də planlaşdırıb ki, içəri girib qadını əlləri ilə boğaraq öldürsün sonra isə pul və qızılları götürərək evdən çıxsın. Qonşu qadını öldürmək üçün tikintidə istifadə olunan əlcəkləri geyinib. Darvazanı açanda, qonşusu Fəqaniyə məxsus avtomaşının həyətdə olmadığını görüb. Qapıya yaxınlaşıb bir neçə dəfə Fəqanini səsləyərək evdə olub-olmamasından əmin olmaq istəyib:

“Girdim həyətə, çağırdım, səs verən olmadı. İçəridə tozsoran işləyirdi. Aynabəndin qapısını açıb girdim içəri Kütahi tozsoranı söndürüb baxdı mənə. Özümü itirmədən qadından yoldaşını soruşdum. O da dedi, Fəqani evdə yoxdur. Yalandan dedim ki, evə paltaryuyan maşın almaq istəyirəm, sizdəki hansı markadır, mən də ondan alım. İstəyirdim ki, mətbəxə keçim, həm bir az vaxt udum, həm də özümü toplayım”.

Kənan Əhmədov ifadəsinin davamında bildirib ki, mətbəxdən çıxanda qadının uşaq otağında olduğunu görüb. Yaxınlaşan zaman qapıda onunla üz-üzə gəlib. Pul lazım olduğunu bildirəndə qadın qorxaraq geri çəkilib və qışqırmağa başlayıb. İki əli ilə cəld qadının boğaz nahiyəsindən tutub sıxmağa başlayıb:

“Boğanda yıxıldı yerə. Kürəyindən tutub boğanda barmaqlarımı dişlədi. İstədim tozsoranın şlanqı ilə boğum, amma boğazına keçirə bilmədim. Bıçaq da cibimdən qapının yanına düşmüşdü. Onu götürüb boğazına zərbələr vurdum”.

Daha sonra qadının öldüyünü görüb əlindəki bıçağı şkafın üzərinə qoyub. Yataq otağındakı şkafdan qızıl əşyalar tapıb. Masanın üzərindəki mobil telefonu və cinayətin aləti olan bıçağı götürüb evi tərk edib.

Öz yaşadığı evə gələrək hamamda əl-üzünü yuduqdan sonra bıçağı və qızılları evin yan tərəfində basdırıb.

Hadisədən bir neçə gün sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesi zamanı Kənan Əhmədov ittiham üzrə özünü tam təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza təyin olunmasını xahiş edib.

Məhkəmə hesab edib ki, Kənan Əhmədov CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və daha bir neçə maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır.

Sonda məhkəmənin hökmü ilə Kənan Əhmədov 20 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, mərhum Məlikova Kütahi Yenibala qızı 3 uşaq anası olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir