Azərbaycanda kredit faizləri yenidən artacaq? – FOTO

Cəmiyyət

“Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni güzəşt müddəti uzadılmazsa, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda banklar depozitlər üzrə faizləri artıracaq. Bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəlirində azalma baş verməsin. Bu isə, əslində, o deməkdir ki, Azərbaycanda kredit faizləri yenidən arta bilər”.

Oxu.Az-ın xəbərinə görə, bu fikirləri deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.

V.Bayramov qeyd edib ki, Mərkəzi Bankın özünün metodologiyasında da bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirir:

“Deməli, depozit faizlərin artması kreditlərin bahalaşmasına və bankların daha yüksəkfaizli kredit təklif etməsinə səbəb olacaq. Yəni əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda kreditlər bahalaşacaq. Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14,13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır – 20,43 faizdir. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir.

Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Ancaq bu müddət dünən başa çatdı”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir