Sürücülərin DİQQƏTİNƏ: Dayanma və durma qaydalarını pozmaya görə cərimə məbləği dəyişə bilər? – AÇIQLAMA +FOTO

Cəmiyyət

Ötən gün “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2022-ci il 16 dekabr tarixli Qanunun qüvvəyə minməsi ilə əlaqədar “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti ləğv edilib.

Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346.1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti saxlanılıb.

İXM-ə edilən dəyişiklik bu gündən qüvvəyə minir, lakin sürücülərin çaşqınlığına səbəb olan bəzi məqamlar var: Bu gündən cərimələri yalnız DYP əməkdaşları yerində tərtib edə bilərlər, yoxsa elektron protokollar avtomatik rejimdə də tərtib ediləcək? Qanuna edilən dəyişiklik cərimə məbləğinə təsir edəcək, yoxsa yox?

Qüvvəyə minən dəyişikliyə əsasən, o da qeyd edilib ki, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar və ya “i-Patrul vasitəsilə (elektron qərarla) də cərimə yazmaq mümkün olacaq. Lakin cəriməni yazmaq səlahiyyəti yalnız DYP əməkdaşlarına aid ediləcək.

Məsələnin sürücülərə daha aydın olması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.1 və 346.2-ci maddələri üzrə tədbir görmə ixtiyarı yalnız Daxili İşlər Nazirliyinə həvalə olunub:

“Əlavə olaraq, maraqlı məqam budur ki, yeni fərmana görə, avtomatik rejimdə “Təhlükəsiz şəhər” kameralarından, eləcə də “i-Patrul” sistemindən də istifadə etməklə dayanma-durma tələblərini pozan (İXM 346.1 və 346.2-ci maddələri) şəxslər barəsində tədbir görüləcək. Bu o demək deyil ki, digər formada polis əməkdaşları qaydaları pozan sürücülər barəsində tədbir görə bilməzlər. Yenə də DYP əməkdaşları qayda pozuntularını bu günə qədər təyin etdikləri formada edə bilərlər, sadəcə, avtomatik rejim də əlavə yenilik kimi tətbiq ediləcək”.

Araz Əsgərli cərimə məbləğləri ilə bağlı sürücülərdə çaşqınlıq yaradan məqama da aydınlıq gətirib:

“Cərimələrin məbləğində heç bir dəyişiklik olmayıb. İXM-in 346.1-ci maddəsi üzrə cərimə 20 AZN, 346.2 maddəsi üzrə cərimə məbləği 40 AZN idi, elə də qalıb”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir