İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları ilə birgə “Elektron ipoteka və kredit zəmanət” sistemind’ təhlükəsizlik auditi üzrə yoxlamalar həyata keçirilib və dayanıqlı fəaliyyəti üçün informasiya sistemində optimizasiya işləri aparılıb.
Bu barədə İKZF məlumat yayıb.
“Yoxlamalar ipoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi aparılıb”, – məlumatda deyilir.
Bildirilir ki, adi ipoteka kreditləri üzrə vətəndaşlardan 1 770 müraciət daxil olub, güzəştli ipoteka kreditləri üzrə isə 641 müraciət qeydə alınıb.
“Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və digər proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir”, – İKZF qeyd edib.
Vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət (www.e-gov.az) portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilmiş və bu zaman sistemin fəaliyyətində heç bir texniki nasazlıq və kənar müdaxilə halı müşahidə edilməyib.
İKZF 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.
Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 1 fevral 2023-cü il saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 2 fevral 2023-cü il saat 10:00-dan başlanılıb.
www.102info.az