“Qanlıgöl” ətrafında həyata keçiriləcək layihənin ətraf mühitə təsirləri müzakirə olunub – FOTO

Cəmiyyət

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qanlıgöl” ərazisi üzrə təqdim olunan layihələrin qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədi ilə ictimai dinləmə keçirilib.

Bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi məlumat yayıb.

Agentliyin konfrans zalında təşkil olunan tədbirdə şirkətlərin, dövlət qurumlarının, QHT, KİV və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə ərazi üzrə ətraf mühitin mühafizəsi, habelə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi aparılıb.

Görüşdə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov “Qanlıgöl” ətrafında həyata keçiriləcək layihənin ətraf mühitə təsirləri barədə məlumat verib. O bildirib ki, burada tullantıların idarə olunması, texniki və içməli suya qənaət edilməsi kimi məsələlər mühüm əhəmiyyət kəsb edir. 

“Bu gün “Qanlıgöl”lə bağlı bizi narahat edən ən mühüm məsələ dib çöküntüsünə müdaxilənin nəticəsi ilə bağlıdır. Müvafiq qurumlarla əlaqə saxlayaraq birlikdə araşdırma aparılmalı, gölün dibinə müdaxilə edilsə, hansı fəsadlar yarana bilər, nəticəsi necə olar, bu barədə hərtərəfli danışıqlar, monitorinqlər olmalıdır. İnanırıq ki, müqayisəli təhlillər nəticəsində bu problemin də həllinə nail olunacaq”, – deyə M.Qənbərov qeyd edib.

İdarə rəhbəri layihələr üzrə nəzərdə tutulan yaşıllıqlardan da ayrıca danışıb:

“Bizim yanaşmamıza görə, seçilmiş ərazidə yaşıllıq varsa, o, landşaft elementi olaraq saxlanılmalıdır. Bu gün yaşıllıq və su mənbələri ilə bağlı həyəcan təbili çalınır. Bəzən bizə gətirilən nümunələrdə yaşıllıqlar gizlədilir. Az əmək və xərc sərf etməklə bir iş ortaya qoyurlar. Bu, qəbuledilməzdir. Ona görə hədəfimiz mövcud yaşıllıqların qorunması şərti ilə yeni yaşıllıq zolaqlarının salınmasına, ətraf mühitə dəyən zərərlərin aradan qaldırılmasına nail olmaqdır. Bu baxımdan ümid edirik ki, “Qanlıgöl” ərazisi üzrə keçiriləcək layihə başqa layihələr üçün nümunə olacaq”.

Layihənin müəllifi “Kristal Bakı” ASC-nin direktoru İbrahim Dostumalıyev qeyd edib ki, böyük həcmdə yaşıllıqları əhatə edəcək yaşayış kompleksinin tərkibində 6 hektarlıq “Şamlıq park” və “Qanlıgöl” təmizləndikdən sonra 32 hektarlıq su hövzəsi ətrafında bulvar salınacaq. İ.Dostumalıyev bu layihənin Bakının ekoloji vəziyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb. O, ətraf ərazidə fərdi həyət evlərində yaşayan 400 ailənin də bundan fayda görəcəyini bildirərək, layihə planında yağış sularının idarə olunması, kanalizasiya sularının təmizlənmə qurğularının tikilməsinin olduğunu qeyd edib.

AMEA-nın Botanika İnstitutunun aparıcı elmi işçisi Yusif Zeynalov “Qanlıgöl” ətrafındakı parkda Azərbaycanda yetişdirilən, iqlimə uyğunlaşmış ağac və kol bitkilərinin əkilməsinin zəruriliyindən danışıb. O, göl ətrafında xarici ölkələrdən gətirilən deyil, yerli bitkilərin əkilməyini təklif edib:

“Həmişə çalışırıq ki, xaricdən bitki gətirək. Bu da bizim bəlamızdır. Xaricdən gətirilən bitkilərlə bərabər xəstəliklər, ziyanvericilər də gəlir. Nəticədə son illərdə Abşeron yarımadasında və ölkəmizin bir sıra yerlərində ziyanvericilərlə xəstələnmiş şam ağaclarının quruduğunu görürük. Buna görə, “Qanlıgöl” ətrafındakı parkda yerli şitilliklərdə yetişdirilmiş, iqlimimizə uyğunlaşmış bitkilərin, şam və digər iynəyarpaqlı ağacların əkilməsi önəmlidir”.

Tədbirdə “Qanlı göl” ətrafında görülən kompleks işlərdən də danışılıb. Qeyd edilib ki, “Qanlıgöl” və bütün park ərazisindəki açıq kanalizasiya boruları mərkəzi kanalizasiya xəttinə bağlanıb. Gələcəkdə də gölün suyunun təmizlənməsi və səthinin qorunması ilə bağlı işlər aparılmalıdır.

Çıxış edən ekoloqlar gölün estetik görkəminin pozulmaması, orada salınacaq bulvar və parkın hər kəs üçün əlçatan, açıq olması, binaların su hövzəsinə çox yaxın məsafədə tikilməməsi, gölün su balansının tənzimlənməsi kimi məsələlərə vacib diqqət yetirilməli olduğunu qeyd ediblər. Həmçinin göldəki dib çöküntülərinin və ağır metalların radio-ekoloji tədqiqatının aparılması, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində bütün ekoloji tələblərə riayət olunmasının zəruriliyi vurğulanıb. 

Görüşdə vaxtilə bu su hövzəsində batanların sayının çox olması səbəbindən onun “Qanlıgöl” adlandırılması, habelə gölün adının dəyişdirilərək, “Canlıgöl, “Yaşılgöl” və ya “Şamlıgöl” kimi yeni adların verilməsi də təklif olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir