“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə hazırda Fövqəladə Hallar Nazirliyinin 41 əməkdaşı da yardımlar üçün Türkiyə yollanır”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında FHN-in tibb xidmətinin həkimi Qurban Eyvazov bildirib.
Onun sözlərinə görə, FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilir: “41 nəfərlik heyətdən 34-ü tibbi, yeddisi isə qeyri-tibbi heyətdir”.
Qeyd edək ki, ötən gün Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.



İlhamə Əbülfət
www.102info.az