“Azərbaycana qrip əleyhinə peyvəndlər gətirilib. Qripdən qorunmaq istəyən şəxslərin peyvənd olunmasını tövsiyə edirik, çünki müşahidələr göstərir ki, peyvənd olunanlar müəyyən qədər qrip virusundan qorunmuş olurlar. Yoluxma olsa belə, xəstəliyin gedişatı yüngül olur”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin “Instagram” hesabının canlı yayımında sualları cavablandırarkən deyib.
İnfeksionist bildirib ki, azyaşlılar, hamilələr, yaşı 65-in üzərində olanlar, yanaşı xəstəliyi olan şəxslər risk qrupuna aid olduğundan onların qrip əleyhinə peyvənd olunması daha önəmlidir:
“İmmun sisteminin yüksək olması üçün sağlam həyat tərzi və düzgün qidalanmaya üstünlük verilməlidir. Alkoqollu içkilər, tütün məhsullarından istifadəni maksimum azaltmaq lazımdır. Vitaminlə zəngin olan qidaların istehlakına daha çox üstünlük verilməlidir. İnsanlar müəyyən müddətdən bir konsultasiya məqsədli tibbi müayinələrdən keçməlidirlər. Bu zaman xəstəliklər barədə vaxtında məlumatlı olub zəruri tədbir görə bilirik. Bu halda ağır fəsadlardan qurtula bilərlər”.
Könül Cəfərli
www.102info.az