“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yükdaşıma xidmətlərindən istifadə etmək istəyən sahibkarlar “Bakı KOB evi”nə müraciət edə bilərlər.
“KOB evi”ndə ASCO tərəfindən sahibkarlara sifarişlərin qəbulu, onların icrası ilə bağlı əlaqələndirmə və məlumatlandırma xidmətləri göstərilir.
Qeyd edək ki, “Bakı KOB evi” sahibkarlara biznesə dair dövlət və özəl qurumlar tərəfindən müxtəlif xidmətlərin göstərildiyi vahid məkandır. Hazırda KOB evində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara 250-dən çox xidmət göstərilir. Sahibkarlar biznes fəaliyyəti üçün lazım olan biznesin qeydiyyatı, vergi məsələləri, lisenziyalar, mənşə və qida təhlükəsizliyi sertifikatları, müxtəlif fəaliyyət istiqamətləri üzrə icazələr, gömrük xidmətləri, əmlakın dövlət reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, kommunal xidmətlər, bank, sığorta, lizinq və s. xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.
Nərimanov rayonu ərazisində yerləşən (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) “KOB evi” saat 09:00-dan 18:00-dək sahibkarların xidmətindədir.
www.102info.az