Paytaxt bazarlarının birində piştaxtada satışa təqdim olunan kolbasa məhsulları ilə bağlı xəbər saytında yayımlanan məlumat əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu “8-ci km bazarı”nda plandankənar yoxlama keçirilib.
Bu barədə AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, yoxlama zamanı fiziki şəxs Quliyev Məhəmməd Sahabətdin oğlunun iki ayrı piştaxtada temperatur rejimi gözlənilmədən, üzərində etiket məlumatları olmayan kolbasa məhsullarının satışını həyata keçirdiyi aşkarlanıb. Aparılan nəzarət tədbiri zamanı fiziki şəxs Quliyev Məhəmməd Sahabətdin oğlunun və “Sevilən Ad” MMC-yə məxsus qida məhsullarının satışı həyata keçirilən obyektlərin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdikləri müəyyən edilib.
Aşkar olunmuş faktlarla bağlı sanitar-gigiyenik normalara cavab verməyən və ticarət qaydaları gözlənilmədən satışı həyata keçirilən məhsulların satışının qarşısının alınması istiqamətində tədbirlər görülüb, müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Həmçinin obyekt sahibləri barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qida obyektləri qida məhsullarının saxlanılması üçün müvafiq qulluq və təmizləməyə imkan yaradan, parazitlərin daxil olması və çoxalmasına yol verməyən, məhsulların saxlanması zamanı effektiv müdafiəni təmin edən, qida məhsulunun xarab olmasının qarşısını alan mühiti təmin edən avadanlıqlarla təchiz edilməlidir. Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 22.5-ci bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların satışı, eyni zamanda satış üçün xüsusi şəraiti olmayan yerlərdə (obyektlərdə) tez xarab olan ərzaq məhsullarının satışı qadağandır.
“Qida təhlükəsizliyi haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, ticarət (xidmət) obyektlərində qida məhsullarının satışına həmin obyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə cavab verdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındığı və ya təsdiq edildiyi halda yol verilir.
www.102info.az