Bacısı tərəfindən evi əlindən alınan, 10 aydan çox küçədə yaşayan 62 yaşlı qaynaqçı – REPORTAJ + FOTO

Cəmiyyət

“Bacım məni aldadıb evimi əlimdən aldı. Məndən xəbərsiz satıb məni küçələrdə qoyub. Ölkəyə qayıdanda artıq yaşamağa evim yox idi. Aylarla küçələrdə, elə öz evimin olduğu binanın blokunda soyuqda qalmışam”.

Həyat insana zaman-zaman elə dəhşətlər yaşadır ki, sığınacağın yeganə insan ailə üzvlərimiz olur. Vay o günə ki, dəhşəti yaşadanlar elə ailə üzvlərimiz olsun… Bəs onda kimə sığınaq, kimə güvənək?

Bu dəfə danışacağımız şəxs 1962-ci il təvəllüdlü Yuri İvanoviç Panomoryovdur. Belə ki, Y.Panomoryov “Nizami” metro stansiyasının yanındakı binalardan birində yaşayıb. Qaynaqçı kimi çalışan 61 yaşlı Yuri deyir ki, başına gələn bütün hadisələr bir gün iş prosesində ağır xəsarət aldıqdan sonra başlayıb.

Oxu.Az-ın əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas Əhali Qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakini Yuri Panomoryov ilə həmsöhbət olub.

Həmsöhbətim deyir ki, heç vaxt ağlına belə gəlməzdi ki, küçələrdə evsiz-eşiksiz qala bilər:

“Qaynaqçı kimi çalışırdım və yaxşı qazancım var idi. Ailə üzvlərindən bacım mənimlə tez-tez əlaqə saxlayırdı. Bir gün götürdüyüm iş zamanı yıxıldım və ayağımdan ağır yaralandım. Bir müddət burada müalicə alsam da, yaxşı ola bilmədim. Yataq rejimində müalicənin effekt vermədiyini gördüyüm üçün bacım təklif etdi ki, ikiaylıq müalicə üçün Türkiyənin Alanya şəhərinə gedək. Amma müalicə müddəti iki ay yox, 1 il iki aya qədər uzandı. Mən orda təsadüfən öyrəndim ki, bacım mənə deməmiş “Nizami” metro stansiyasının yanındakı evimi satıb. Mənə isə 150 min dollar pul verdilər”.

Bacısı məlumat vermədən onun evini satdığı üçün münasibətləri gərginləşib. Həmsöhbətim deyir ki, o, evini satmağı heç vaxt düşünməyib.

Biləcəridə onun üçün kiçik ev tikdirdiklərini desələr də, ortada nə ev var idi, nə də torpaq:

“Bacımın qızı Nailənin yoldaşı Emin mənə dedi ki, Moskvaya gedib sonra Bakıya qayıdarıq. Onun anası Moskvada yaşayırdı. Biz 14 noyabr tarixində Moskva hava limanına gəldik. Oradan da dəmiryol vağzalına getdik və mənə burada gözlə gəlirəm dedi. Məni orada pulsuz, sənədsiz qoyub qaçıb getdilər. Təsəvvür edin sənədsiz, pulsuz 10 ay mən Moskvada dəmiryol vağzalında qaldım”.

Həmsöhbətim Moskvada onu sığınacağa yerləşdirdiklərini desə də, normal yemək vermədiklərini deyib:

“10 ay müddətinə mən vəziyyətimi izah etməyə çalışsam da, heç kim mənə kömək etmədi. Bir qarnı ac, bir qarnı tox qaldım orada. Bir müddət sonra bir mütəxəssis məni Moskva-Mahaçqala və Mahaçqala-Bakı reyslərinə bilet alaraq yola saldı. Azərbaycana gələndə bütün çətinliklərin bitəcəyini düşünsəm də, əsas çətinliklər bundan sonra başladı.

Y.Panomoryov deyir ki, 2 ay yaşadığı binanın blokunda məskunlaşıb, daha sonra sakinlər onu sığınacağa gətiriblər:

“Evimin satıldığını görəndə iki dostuma müraciət etmək istədim, onların qalmağa yerləri var idi. Lakin mən 3 il ölkədə olmadığım müddətdə Bəhram da, o biri dostum da vəfat etmişdilər. Gedəcək başqa yerim yox idi. İki ay beton pilləkəndə oturaq vəziyyətdə yatırdım, bir gün ac, bir gün tox günləri yola verirdim. Sığınacağa yerləşdirildikdən sonra ayağımın müalicəsi də daxil olmaqla, bizə çox yaxşı baxdılar. Həm yemək, həm isti geyimlər verirlər. Kollektiv mehribandır, həm də otaq yoldaşlarımız yaxşı insanlardır”.

Y.Panomoryov bacısını və digər ailə yaxınlarını axtarmağa cəhd etdiyini desə də, buna nail ola bilməyib. Onda olan son məlumatlara görə, bacısı üçüncü dəfə ailə həyatı quraraq Finlandiyaya köçüb, digər yaxınları isə Türkiyəyə köçüblər.

O bundan sonra qalan ömrünü ailə yaxınları olmadan, həyatda tək mübarizə aparacağı ilə barışaraq gələcəkdə hər şeyin daha yaxşı olacağına ümid edir.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir