Bərdədə “Heydər Əliyev İli” münasibətilə yüksək səviyyəli konfrans təşkil edilib – FOTO

Cəmiyyət

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, martın 3-də Bərdə şəhərində “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” adlı işgüzar konfrans keçirilib.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.  

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib daha sonra Bərdə rayon Heydər Əliyev mərkəzində olub.

Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Natiq Abdullayev fenomenal şəxsiyyət, dahi lider Heydər Əliyevin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyini əldə olunmasından sonra ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarını, o cümlədən prokurorluq orqanlarının mahiyyət və struktur baxımından yenidən qurulmasını, yüksək nəzəri biliyə və peşəkarlığa malik kadrlarla komplektləşdirilməsini, fəaliyyətin beynəlxalq standartlara uyğun formalaşdırılmaqla müasir dövlət təsisatına çevrilməsini diqqətə çatdırıb.

Konfrans zamanı çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev mötəbər tədbirin Bərdə şəhərində təşkilindən məmnunluğunu ifadə edərək, ölkəmizdə ictimai-siyasi sabitliyə məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra nail olunduğunu, ulu öndərin dövlətimizin möhkəmlənməsində və Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərin qarşısının alınmasında böyük rol oynadığını diqqətə çatdırıb.

Konfransda, həmçinin, Bərdə rayon prokuroru Rəşad İsgəndərov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov, Ombudsman Aparatında sektor müdiri Müqalib Mahmudov, QHT sədri Ceyhun Musayev, Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov ümummilli lider Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında çıxış ediblər. 

Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında ərsəyə gəlmiş ümummilli liderin xatirəsinə həsr olunmuş “Qanun naminə-Heydər Əliyev salnaməsi” adlı sənədli filmə baxıblar.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb. Sonda xatirə fotoşəkli çəkilib. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir