Yeni tikilmiş çoxmənzilli yaşayış binalarının bəzisində içməli su təchizatı və sakinlərin sərfiyyatına müvafiq qaydada borcların ödənilməsi MTK-lar tərəfindən həyata keçirilir. Bu səbəbdən biz borcları abonentlərdən yox, MTK-dan tələb edirik.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bakıda bəzi binalarda dayandırılan su təchizatı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O bildirib ki, mənzillərin kodlaşdırılması həyata keçirilmədiyindən, su pulunu binaların komendantları toplayırlar və bu zaman binaya verilən suyun dəyəri tam ödənilmədikdə binanın su təchizatı dayandırılır:
“Qurum olaraq biz yaranan borca görə vətəndaşların deyil, müvafiq MTK-nın suyunu kəsmişik. Bu halda vətəndaşlar MTK-ya müraciət etməlidirlər ki, aylıq sərfiyyata görə ödəniş etdikləri halda nə üçün su verilişi dayandırılıb. Fərdi qaydada kodlaşdırılsa, biz fərdi qaydada su sərfiyyatına görə borcunu ödəməyən abonentlərin su təchizatını dayandırardıq. Belə olan halda biz MTK-da nə qədər mənzil olduğunu bilə bilmərik. Kodlaşdırılmadığı üçün həmin mənzillərdə yaşayan sakinlər bizim abonent sayılmır. Həmin sakinlərin aylıq ödəniş edib-etmədiyini MTK-nın komendantı bilir”.
A.Cəbrayıllı onu da qeyd edib ki, sadalanan MTK-dan biri “Azərsu” ASC ilə razılaşma protokolu imzalayıb və borcun yarısını ödədi, digər hissəsini isə hissə-hissə ödəyəcəyini bildirib:
“Bu şərtlə razılaşma protokolu imzalanan MTK-nın içməli su təchizatı bərpa edilib. Digər MTK-lar da kodlaşdırmada yol verdikləri nöqsanları aradan qaldırmağa başlayıblar və su təchizatı bu şərtlə bərpa edilib”.
Qeyd edık ki, ötən gün paytaxtda bəzi MTK-ların “Azərsu” ASC-yə 3000-dən 30 000 min manatadək borcu olduqlarına görə su təchizatlarının dayandırılması ilə bağlı rəsmi məlumat yayılıb.
Könül Cəfərli
www.102info.az