Azərbaycanlı müğənni Dilarə Kazımova yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, “Alov” adlı klip bütün platformalar üzərində yayımlanıb.
Klip ilə bağlı təəssüratlarını öyrənmək üçün Oxu.Az-ın əməkdaşı 2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova ilə danışıb.
Müğənni klip çəkilişi zamanı xəstə olduğunu söyləyib:
“Klipi böyük sevgi hissi ilə ərsəyə gətirdik. Nəhayət ki, klipimiz işıq üzü gördü. Bunun üçün çox şadam. Çox sevinirəm ki, ərsəyə gətirə bildik. Klip noyabr ayında çəkilmişdi. Həmin vaxt çox xəstə idim. Yüksək hərarətim var idi. Dərman içib çəkilişə girdim. Klipin üstündə çox böyük komanda işləmişdi. Onların işini axsatmaq istəmirdim”.
D.Kazımova klipin seviləcəyinə əmin olduğunu qeyd edib:
“Fərqli obraz yaratmağa çalışdıq. Rahat və əyləncəli kontentdir. Mahnı sevgi, ehtiras, alovdan bəhs edir. Düşünürəm ki, sevgi həyatımızda ən vacib məqamlardan biridir. Klipi sevməyənlər də ola bilər. Normal qarşılayıram. Lakin insanların da qəlbində xüsusi yer tutacağına inanıram. Çünki işə ürəklə yanaşmışıq. Seviləcəyinə əminəm”.
Müğənni klip vasitəsilə insanları əyləndirmək istədiyini əlavə edib:
“Rahat olmalarını istədim. Çünki hər bir insanın beynində yüzlərlə fikirlər var. Arada onları atmaq lazımdır. Kliplə bağlı gözəl fikirlər alıram. Çox gözəl qarşılandığını zənn edirəm. İzlənmə sayı da qısa müddət üçün çox yaxşıdır. Qiymət verən, dəyərləndirən hər kəsə təşəkkür edirəm. Biz xalqımız üçün çalışırıq. İzləyicilərimizə bağlıyıq”.
Nəzrin Vahid
www.102info.az