“Ceyhun Mirzəyevlə çox gözəl xatirələrim var. Çünki ikimiz də dost idik, küsüb-barışırdıq, bacı-qardaş münasibətində idik. O da çəkilişlərə anası ilə gəlirdi, mən də. Çox istedadlı uşaq idi. Hamıya kömək edirdi, filmdə göstərirdi ki, elə yox, belə çəkil. Sonradan rejissor olanda mən bildim ki, o, uşaq yaşlarından özünü buna hazırlayıb. Hər zaman yadımdadır, bir an olsun belə yadımdan çıxmır. Ona görə təəssüflənirəm ki, həyatı belə gətirdi, yarımçıq qaldı. Böyüyəndən sonra da ailəvi dost qaldıq. Hətta “Ögey ana” filminin ardını çəkmək istəyirdi. Elə oldu ki, müharibə vaxtı idi, “Fəryad” filmini çəkdi. Ceyhunun atası Şuşadan idi. Hətta çəkdiyi filmə baxıb, ağlayırdı. Dözmürdü, ürəyi partlayırdı. Ceyhunun həyat yoldaşı Lida xanım sonralar mənə danışırdı ki, o, aktyorlara özü deyib ki, filmdə məni elə döyün, vurun ki, təbii alınsın. Hətta deyirdi ki, mənə silah versəydilər, gedib oralarda döyüşərdim”.
Bunu Moderator.az-a açıqlamasında “Ögey ana” filminin Cəmiləsi – Sevinc Axundova deyib.
“Hər dəfə filmə baxanda kədərlənirəm, uşaqlığım yadıma düşür. Bəzən düşünürəm ki, filmin bu yerində kaş belə hərəkət edərdim. Bizim bütün filmlərimiz çox gözəl, təbii çəkilib. Bəzən yolda məni görüb tanıyırlar. Yaxınlaşıb deyirlər ki, elə bil “Ögey ana” filmi mənim həyatımdan götürülüb. Texnika çox güclü olmayıb. Aktyorlarla işləyirdilər. Uşaq idim, heç nə anlamırdım. Çəkilirdim, amma bilmirdim ki, nəçi olacağam?! Bizim nəsildən musiqiçilər çox idi. İncəsənəti çox sevirdim, aktyorların şəklini yığırdım. Sonra peşmanlıq çəkdim ki, kaş aktrisa olardım. Amma musiqiçi oldum, pianodan uşaqlara dərs deyirəm. Kiçik qızım rəqs sənətindədir, hər zaman səhnələrdə olub. Rejissorluğu bitirsə də, rəqs müəlliməsi çalışır”, – deyə o bildirib.
Sevinc Axundova bildirib ki, daha sonralar da filmə çəkilməsi üçün təkliflər gəlib.
“Onun böyük ürəyi” filmində kiçik bir epizodda çəkildim. Lalə rolunun uşaqlığını oynadım, böyük vaxtını isə Natəvan Şeyxova yaradıb. O vaxtı “Əhməd haradadır?” filmindəki Ceyran roluna məni də çağırmışdılar. Məni Nəcibə Məlikova rejissora təklif etmişdi. Mən bu rola yaraşmırdım, çünki çox gənc idim. 19 yaşım heç yox idi. Bu film “Ögey ana” filmindən sonra çəkilmişdi. Nonna Paçuaşvili bu rolu çox gözəl ifa edib. Hətta Eldar Quliyev məni “Bir cənub şəhərində” filminə təsdiq etmişdi. Konservatoriyaya hazırlaşırdım deyə çəkilə bilmədim. Tofiq Tağızadə məni “Arşın mal alan” filminə də dəvət etmişdi. O, atamın yaxın dostu idi, ona deyirdi ki, “Sevinc böyüyəndə gedib kino təhsili alsın”, – deyə sənətçi bildirib.
Sevinc Axundova “Ögey ana” filminin çəkildiyi İsmayıllının Qalacıq kəndinə də getmək istəyir.
“Filmdən sonra bir dəfə getmək nəsibim olub. Arzulayıram ki, gedim həmin kəndi gəzim. Hətta deyirdilər ki, ev indiyə qədər olduğu kimi qalıb. İndi poçt məntəqəsidir. Qismət olsa, mütləq getmək istəyirəm”, deyə Sevinc Axundova bildirib.
Sevinc Axundova şəxsi həyatından da danışıb.
“Həyat yoldaşım 1998-ci ildə, 50 yaşında qəflətən dünyasını dəyişdi. Bağda rəhmətə getmişdi. Sağlam adam idi, heç bir yeri ağrımırdı. Ola bilsin ki, sobanın dəm qazından boğulmuşdu. İki qız övladımı təkbaşına böyüdüb, onlara təhsil verdim. Böyük qızımın 18, kiçiyinin isə 14 yaşı var idi. Heç vaxt ondan sonra ailə həyatı qurmağı düşünmədim. Yoldaşımı çox sevirdim, ondan sonra ailə həyatı istəsəydim də qura bilməzdim. Hətta qohumlar deyirdi ki, burada bir şey yoxdur, sənə də ailə lazımdır. Qızlarımı qayğı ilə, ehtiyacsız böyütdüm”, – deyə sənətçi bildirib.
www.102info.az