Onun nəvələri indi nənədirlər – Xaçmazın 100 yaşlı sakini + FOTO

Cəmiyyət

Yüz yaşlı Mənsurə Nəzərova Xaçmazın Pərdiqıran kəndində yaşayır. Onun bir övladı, dörd nəvəsi, on bir nəticəsi və iki kötükcəsi var.

AZƏRTAC-ın bölgə müxbiri 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Mənsurə nənəni ziyarət edib, ailənin qonağı olub.

Nəzərova Mənsurə Nuri qızı 1923-cü ildə Şabranın Qələgah kəndində doğulub. Valideynləri vaxtsız həyatdan köçdüyündən bacısı ilə birlikdə çətin günlər yaşayıblar. Uşaqlıqdan zəhmətə qatlaşan Mənsurə nənə həmin günlərin ağrı-acısını indi də unutmayıb.

“16 yaşım olanda Samur-Dəvəçi kanalının tikintisində (1939-40-cı illər) fəhlə işləmişəm. Həmin su kanalı əl əməyi ilə qazılıb. Kişilərlə bir yerdə fəhləlik edirdim. Xərəkdə torpaq daşıyırdım. İki il orada işlədim. Yaxşı işlədiyimə görə mənə 10 kiloqram qənd, 10 metr də parça mükafat vermişdilər. Sonradan sovxozda çalışmışam. Ot biçmişəm, xırmanda dən döymüşəm, baramaçılıqla da məşğul olmuşam. Ömrüm boyu ağır işlərdə işləmişəm”, – deyə Mənsurə nənə həmin günləri xatırlayır.

İkinci Dünya müharibəsi illərində yaşanan aclıq və səfalətdən sonra Mənsurə nənə XX əsrin 50-ci illərində Xudata işləməyə gəlib. Ailə qurduqdan sonra Pərdiqıran kəndində yaşamağa başlayıb.

Yüz yaşını bu ilin fevralında qeyd edən Mənsurə nənə oğlunun, sonra isə nəvə və nəticələrinin toyunda ailə başçısı kimi iştirak edib. Mənsurə nənənin nəvələri indi nənə olublar. Onun üç və dörd yaşlarında iki kötükcəsi var.

Mənsurə nənənin gəlini Kövsər Nəzərova deyir ki, 10 yaşında anasını itirib. Bu evə isə 1977-ci ildə gəlin gəlib:

“Qayınanam və həyat yoldaşımla yaşamışam. Qayınanam mənə analıq edib. O mənə qızım deyib, mən də ona ana. Nəvələrini, nəticələrini çox istəyir. Hamısını tanıyır. Gözləri görür, amma zəif eşidir. Təbii qidalara üstünlük verir. Dolma və bozbaşı xoşlayır. Daha çox süd məhsulları yeyir”.

Mənsurə Nəzərova kolxoz dövründə ən qabaqcıl işçilərdən olub. 1983-cü ildə “Əmək veteranı” medalı ilə təltif edilib.

“Anam sovet dövründə bir çox işdə çalışıb. Tarlada, fermada, istixanada işləyib. Məni də zəhmətə anam öyrədib. Uzun illər traktorçu olmuşam. Əvvəllər nadir hallarda xəstələnərdi. Amma son illər zəifləyib. Xəstələnəndə xəstəxanaya müraciət edirik. Maşınla gedib həkimi evə gətiririk. Allah verən ömrü rahatlıqla yaşamasını istəyirik. Biz özümüz də qocalmışıq. Amma anam bizim evin böyüyüdür”, – deyə Mənsurə nənənin oğlu Qərib Nəzərov söyləyir.

Bütün bayramlarda Nəzərovlar ailəsi yüz yaşlı Mənsurə nənənin ətrafında toplaşır. Nənənin yaşı ilə əlaqədar yaddaşı zəifləsə də, hər bir nəvəsinin, nəticəsinin işləri, təhsili ilə maraqlanır.

“Mən Mənsurə nənənin nəticəsiyəm. 14 yaşım var. Xudatda yaşasam da, vaxtaşırı nənəmi ziyarət edirəm. Görüşəndə bizim üçün çoxlu xeyir-dua edir. Mənsurə nənəmin 11 nəticəsi var, iki də kötükcəsi”, – deyə Mənsurə nənənin nəticəsi Ayşən Nəzərova bildirir.

Mənsurə nənə Xaçmaz rayonunun ən uzunömürlü sakinlərindəndir. Hazırda rayonda yaşı yüzü adlamış cəmi üç nəfər yaşayır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir