Azərbaycandakı aqroparklarda buğda əkini sahələri artırılacaq

Cəmiyyət

Azərbaycandakı aqroparklarda buğda əkini sahələrinin artırılması nəzərdə tutulur.

Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinin müavini Zamir Dibirov bildirib.

“Bu ildən başlayaraq müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin istehsal etdiyi, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdiyi ərzaqlıq buğdaya 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək. Subsidiya tətbiq ediləcək təsərrüfat sahibləri, o cümlədən aqroparklarla müqavilələr imzalanır. Onlara kreditlər verilir ki, müasir suvarma sistemlərini qursunlar. Belə olan halda əkin sahələrinin və istehsal həcminin artması gözlənilir. Bu da ölkə prezidentinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün apardığı işlərin nəticəsidir”, – deyə nazirlik rəsmisi qeyd edib.

Onun sözlərinə görə, ötən il aqroparklarda 156 min ton buğda istehsal edilib ki, bunun 90 min tona yaxını ərzaqlıq buğda olub:

“Bu sahədə məhsuldarlıq göstəriciləri yüksəkdir. Çünki aqroparklarda yaradılan şərait, aqrotexniki qaydalara düzgün əməl edilməsi, aqronom xidmətlərindən istifadə olunması, pivot suvarma sistemlərinin tətbiqi imkan verir ki, buğda istehsalında bol məhsuldarlıq olsun. 2021-2022-ci illər ərzində aqroparklarda 147 min hektar torpaq sahəsi əkin növbəsinə cəlb edilib. Bunun 16,4 min hektarında təkrar əkinlər aparılıb”.

Xatırladaq ki, Azərbaycanda 32 rayon üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb ki, bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, biri heyvandarlıq fəaliyyəti, ikisi isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

İndiyə qədər aqroparklara 1,4 milyard manat özəl investisiya yatırılıb. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanır. Bundan əlavə dövlət digər dəstək tədbirləri də görür. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,9 milyon manatlıq güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və yaxud fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir