Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saud martın 8-də Şuşa şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, Şahzadə Türki Al Faysal Al Saud Şuşada tarixi-mədəni abidələrimizlə tanış olub. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonağa Ermənistan silahlı qüvvələrinin qədim şəhərdə törətdiyi vəhşiliklər haqqında məlumat verib.
Saatlı və Yuxarı Gövhər Ağa məscidlərini ziyarət edən qonağa işğal illərində bu dini ocaqların məruz qaldığı dağıntılar, həmçinin hazırda orada aparılan bərpa işləri barədə məlumat verilib.
Türki Al Faysal Al Saud sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb. İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra heykəllər əvvəlki yerlərinə qaytarılıb.
Daha sonra Türki Al Faysal Al Saud Cıdır düzünə gəlib. Qeyd olunub ki, Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük düzən ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir.
Şuşa səfəri Qala divarlarına ziyarətlə yekunlaşıb. Qonaqlara Qala divarları haqqında məlumatlar verilib.
Qeyd edək ki, Şahzadə Türki Al Faysal Al Saud Qarabağa səfəri çərçivəsində işğaldan azad edilmiş Füzuli rayonunda da olub. Ərazilərimizdə ermənilər tərəfindən törədilən dağıntıları, vandalizm aktlarını yerində görüb, Azərbaycan dövləti tərəfindən aparılan abadlıq-quruculuq və təmir-bərpa işləri barədə ətraflı məlumatlandırılıb.
www.102info.az