Hacıqabul rayonunda su anbarı quruyub və beş kəndin təsərrüfatında suvarma problemləri yaranıb.
Bu barədə “Report”un Aran bürosuna kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, Rəncbər, Qubalı Baloğlan, Atbulaq, Nəvahi və Qızılburun kəndlərində 7 200 hektar əkinə yararlı sahə mövcuddur.
Sakinlər bildiriblər ki, hər il bu ərazinin 3 200 hektarında taxıl əkilsə də, 90 faizi susuzluqdan məhv olub gedir. Odur ki, kənd sakinləri beş ildən artıqdır, əkinçilikdən imtina etdiklərini söyləyiblər.
Kənd camaatı deyib ki, sözügedən yaşayış məntəqələrində əhalinin əsas məşğuliyyəti taxılçılıq və heyvandarlıqdır. Onlar hər il sahibi olduqları pay torpaqlarında taxıl və yonca əkirlər, bu il cücərmiş bitkilər susuzluqdan yanır.
Sakinlərin sözlərinə görə, əkin sahələrini suvarmaq üçün yeganə ümid yeri Pirsaat su anbarı olub. Amma 60 il bundan öncə istismara verilən su anbarında indi su yoxdur. Çünki son illər havaların quraq keçməsi nəticəsində su anbarı quruyub və buna görə də yaşayış məntəqələrində su qıtlığı yaranıb.
Yerli əhali bildirib ki, bu barədə aidiyyəti qurumlara məlumat versələr də, müraciətləri nəticəsiz qalıb.
Sakinlər qeyd ediblər ki, bir neçə il bundan əvvəl Pirsaat su anbarını fasiləsiz olaraq su ilə təmin etmək üçün Kür çayından Hacıqabul gölünün yaxınlığına kimi beton kanallar çəkilib. Hətta su nasos stansiyası da tikilib. Həmin nasos stansiyası vasitəsilə Pirsaat su anbarına su vurulması nəzərdə tutulub. Amma bununla bağlı işlər yarımçıq qalıb.
Hacıqabul Rayon Suvarma Sistemləri idarəsindən “Report”un yerli bürosuna bildirilib ki, Pirsaat su anbarı quruduğundan sözügedən kəndlərdə vəziyyət, doğrudan da, acınacaqlıdır:
“Bir neçə il bundan qabaq Kür çayından su anbarına yeni xətlərin çəkilişinə başlanılsa da, sonradan hansı səbəbdənsə işlər yarımçıq qalıb. Bu barədə yuxarı instansiyalar məlumatlandırılıb”.
Məlumatda həmçinin vurğulanıb ki, yaxın vaxtlarda tikintisi yarımçıq qalmış işlərin davam etdiriləcəyi ehtimal olunur.







www.102info.az