“İxtiramız ölkədə tətbiq olunacaq” – Çaydan etil spirti alacaq ixtiranın müəllifi ilə MÜSAHİBƏ + FOTO

Cəmiyyət


Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev və həmmüəllifləri tərəfindən hazırlanmış “Способ получения субстанции из чайных отходов, состоящей из L-теанина и кофеина, для улучшения умственной работоспособности” (“Çay tullantılarından tərkibi L-teonin və kofeindən ibarət zehni fəaliyyəti yaxşılaşdıran substansiyanın alınması üsulu”) adlı ixtiraya beynəlxalq Avrasiya patenti verilib (Евразийский Патент на изобретение № 042306, Евразийская Патентная Организация, 02.02.2023). 

Patent barədə professor Eldar Quliyev Oxu.Az-ın suallarını cavablandırıb. 

Qeyd edək ki, Eldar Abdulla oğlu Qarayev 1964-cü il noyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-1987-ci illərdə Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasına baş laborant vəzifəsinə təyin olunub, 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək əczaçılıq elmləri namizədi elmi adına layiq görülüb.

2013-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək əczaçılıq elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. Hazırda dörd doktoranta elmi rəhbərlik edir. 200-ə qədər elmi işin, o cümlədən dörd dərsliyin, iki dərs vəsaitinin, doqquz patent (ixtira) və bir neçə tədris-metodik işin müəllifidir. Bəzi elmi işləri xarici ölkələrdə (ABŞ, Türkiyə, Yunanıstan, Fransa, Çin, Özbəkistan, Rusiya, Qazaxıstan, Pakistan, Ukrayna, Belarus və s.) çap olunub.

“Azərbaycan əczaçılıq və farmakoterapiya” və “Azərbaycan Tibb Universiteti jurnalı”nın redaksiya heyətlərinin üzvüdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Etik Komissiyasının sədri, ATU-nun Dissertasiya işlərinin ilkin sənədlərinin yoxlanılması və Apellyasiya komissiyalarının sədridir. 

– Alınan patent ilkdirmi? 

– Sonuncu patent aldığımız bu ixtira indiyə kimi aldığımız patentlər arasında sayca doqquzuncudur. Bundan əlavə dörd ixtira da işlənilib, patent verilməsinə baxılması üçün müvafiq quruma göndərilib.

– İstərdik patent alan sonuncu ixtira haqqında məlumat verəsiniz.

– İxtiranın mahiyyəti ondan ibarətdir ki, təklif edilən üsulun köməyi ilə emal zamanı yaranan çay tullantılarından qida və yüngül sənayedə istifadəyə yararlı, tullantıların tam və rasional istifadəsini təmin edən, toksik olmayan və daha əlçatan həlledici – etil spirti və təmizlənmiş sudan istifadə etməklə zehni fəaliyyəti yaxşılaşdıran L-teonin və kofeinin ayrı-ayrılıqda alınması həyata keçirilir.

Çay emalı ilə məşğul olan müəssisələrdə istifadə üçün yararsız çay tozu şəklində tullantı yaranır. Tədqiqatlarımız nəticəsində müəyyən olunub ki, həmin tullantıda bioloji fəallığa malik L-teonin və kofein kimyəvi birləşmələri var. Həmin maddələri çay tullantılarından indiyə kimi istifadə olunan üsullardan daha səmərəli, daha sərfəli, sadəliyi ilə seçilən və həmçinin, ən vacib məsələlərdən hesab edilən qeyri-toksik həlledicilərdən istifadə etməklə ayrı-ayrı fərdi maddələr şəklində ayırmaq qərarına gəldik. Tədqiqatlarımız təqribən altı-yeddi ay davam etdi. Çox fərqli və müxtəlif variantlardan istifadə etdik, üsulun alınma şəraitini dəfələrlə dəyişdirdik və nəhayət, istəyimizə nail ola bildik. 

– Bu patent hansı istehsal sahələrinə tətbiq olunacaq? 

– Qeyd etmək lazımdır ki, hər iki maddənin birlikdə qəbulu zehni fəaliyyəti və yaddaşı yaxşılaşdırır. Burada L-teonin kimyəvi tərkibi qamma-etilamin-L-qlütamin turşusu olmaqla qlütamin turşusu törəməli aminturşudur. L-teonin kimyəvi təbiətcə iki neyromediatora (QAYT – qamma-amin yağ turşusu və natrium-qlütamat) uyğun nootrop təsir nümayiş etdirir. QAYT mərkəzi sinir sisteminin (MSS) mühüm tormozlayıcı neyromediatoru, natrium-qlütamat isə mühüm oyandırıcı neyrotransmitteridir.

Bir-birilərinə qarşı belə əks təsirlər L-teoninə xüsusi unikallıq xüsusiyyəti verir. L-teonin NMDA-reseptorlara (N-metil-D-aspartat) antaqonist təsir göstərir, sinir sisteminin, xüsusən stres vəziyyətində hiperstimullaşmasının qarşısını alır. Kofein MSS-yə stimullaşdırıcı təsir göstərir, baş beyin qabığında oyanma proseslərini tənzimləyir və gücləndirir. Yuxululuğu aradan qaldırır, əqli və fiziki yorğunluğu götürür, koqnitiv funksiyaları yaxşılaşdırır. 

– Patentin həmmüəllifləri həmin kafedranın keçmiş doktorantı Töhfə Nəsibova və ATU-nun Əczaçılıq fakültəsinin məzunu, hazırda Fransanın Eks-Marsel Universitetinin müəllimi, sizin oğlunuz Elnur Qarayevdir. Oğlunuz patentə necə dəstək verib?

– Oğlum üsulun hazırlanmasında, həlledici və şəraitin seçimində məsləhətlər verib. Alınan nəticələri birlikdə müzakirə etmişik.

– İxtira Azərbaycanda, yoxsa xarici ölkələrdən birində tətbiq olunacaq?

–  Patent təzədir və hələlik Azərbaycanda tətbiq olunması nəzərdə tutulub. Xarici ölkələrdən maraqlanan olarsa, bu barədə fikirləşərik.

– Patent alınması neçə il çəkdi?

– Hazırladığımız ixtiranı patent alınması üçün təqdim etdikdən sonra təqribən iki il gözləmişik. Patentin üzərində qeyd edildiyi kimi 2021-ci ilin aprel ayında ərizə ilə müraciət etmişik. Patent isə 2023-cü ilin fevral ayında alınıb. Bu müddət ərzində təqdim edilən material gizli rəyə göndərilir, müsbət rəy alınarsa, sonra xüsusi bülletendə çap olunur və bir ilə qədər gözlənilir. Əlavə suallar yaranmadıqda patent verilməsi üçün kollegiyada müzakirə olunur və müsbət qərar qəbul olunduqda patent təqdim edilir.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir