Azərbaycanlılar Avropaya işləməyə hansı şərtlərlə gedirlər? – FOTO

Cəmiyyət


Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə vətəndaşlarının iş üçün ən çox üz tutduqları ölkələr Rusiya və Türkiyə idi.

Son illər isə soydaşlarımız məşğulluqla bağlı problemlərini Çexiya, Slovakiya, Polşa kimi ölkələrdə həll etməyə başlayıblar.

Son nəticədə indi adları çəkilən Avropa ölkələrində minlərlə azərbaycanlı işləyir, diasporumuzu formalaşdırır. Bəs vətəndaşlarımız Avropaya işləməyə hansı şərtlərlə gedirlər? “Report” bununla bağlı araşdırma aparıb.

Bu işlə məşğul olan şirkətlər var

Avropada işləmək istəyənlər bunu həm özləri, həm də vasitəçi şirkətlərin xətti ilə reallaşdıra bilərlər. Birinci halda vətəndaşlar turist qismində “köhnə qitə”yə səfər edə, orada iş tapa və əmək münasibətlərini yerindəcə rəsmiləşdirə bilərlər. İkinci halda isə işi Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlər tapır və işləmək istəyən şəxslərdən sənədləri yığaraq Avropaya göndərir, lazımi prosedurlardan sonra işçi vizası düzəldir və bunun müqabilində xidmət haqqı alırlar. Amma bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Nəzərə alınmalıdır ki, bazarda olan şirkətlərin çoxunun Avropada yerləşən və işçiyə ehtiyacı olan müəssisələrlə rəsmi əməkdaşlığı yoxdur. Şirkətlər daha çox vakansiyalar barədə məlumatları hansısa yollarla əldə edir və görə biləcəyiniz işləri sizin əvəzinizdən onlar görürlər.

Ən vacib məsələ işəgötürəndən rəsmi dəvət məktubudur

Bununla belə, işçi qüvvəsinin beynəlxalq miqrasiyası ilə peşəkar şəkildə məşğul olan şirkətlər də var. Onlardan birinin rəhbəri Elməddin Əliyev deyir ki, Avropada işləmək üçün ən vacib məsələ işəgötürəndən rəsmi dəvət məktubunun əldə edilməsidir:

“Bunun üçün Avropada işləmək istəyən şəxslərin sənədləri toplanılaraq işəgötürənə göndərilir və dəvətnamə hazır olana qədər bu məsələ nəzarətdə saxlanılır. Dəvətnamə gəldikdən sonra isə vətəndaş viza üçün növbəyə yazılır. Bu prosesin müddəti ölkələrdən asılı olaraq dəyişir. Məsələn, Slovakiyaya iş üçün müraciət edən şəxslərin sənədləri iki-üç ay ərzində hazır olur. Buradakı iş və maaş barədə öncədən vətəndaşlara məlumat verilir. Dəvətnamə gəldikdə isə artıq onun üzərində vətəndaşın yaşayacağı ünvan da qeyd olunur. Çünki yaşayış ünvanı olmadan viza almaq çətinləşir. Vətəndaşı Slovakiyada qarşılayan olmasa da, o, həmin ünvanı xəritədən taparaq özü yerinə çata bilir. Slovakiyaya ailə ilə getmək istəyənlər də müraciət edə bilərlər. Burada proses iki mərhələli olur. Öncə ailə üzvlərindən biri, daha sonra isə digəri Slovakiyaya göndərilir. Ər-arvad birlikdə getsələr, onların ikisinin də işləməsi mütləqdir (zavodlarda ailəvi işləyənlər var). İşə düzəlmək üçün hər iki şəxs xidmət haqqı ödəyir. Həmin məbləğə viza rüsumu, sığorta pulu, dəvətnamə, vakansiya və zəmanət məktubu daxildir”.

Polşada yaşayanlar deyirlər ki…

Slovakiya ilə yanaşı, Polşa da azərbaycanlıların iş üçün maraq göstərdiyi ölkələrdəndir. Amma burada da iş yerləri, əsasən, zavodlardadır, fiziki əmək tələb edən işlərdir. Polşada işləyən Nizami Namazov deyir ki, belə işlərin hər saatına görə ən yaxşı halda 20 zlot (7 manat), əksər hallarda isə 12-15 zlot (4-5 manat) ödəniş edilir. Yəni hər gün 10 saat işləyən adam gündəlik minimum 120 zlot (42 manat), maksimum isə 200 zlot (70 manat) qazana bilər.

“Beləliklə, zavodda işləyirsənsə, ev kirayəsi daxil olmaqla ayı 3 000-5 000 min zlot (1 000-2 000 min manat) gəlirlə başa vurmaq olur. Mənim isə Polşada işim İT sahəsi ilə bağlıdır və internetdən tapmışam. Burada yerli dili bilmək üstünlükdür. Amma mən daha çox ingilis dilindən istifadə edirəm. Xərclərə gəlincə isə, burada evin kirayəsi kommunal ödəniş daxil olmaqla azı 1 200 zlot (420 manat) xərc tələb edir. İctimai nəqliyyatda birdəfəlik gediş haqqı 4-6 zlot (1-2 manat) təşkil edir. Amma tələbələrə 74 zlota (26 manata) aylıq kart verilir. 30 Gb-lıq internet paketi üçün isə 30 zlot (10 manat) ödəmək lazımdır”, – deyə həmsöhbətimiz bildirir.

N.Namazov işi ilə bağlı Çexiyada da tez-tez olur. Onun sözlərinə görə, bu ölkədə də məşğulluqla bağlı şərtlər, demək olar ki, Polşadakı kimidir:

“Baxmayaraq ki, bir çox azərbaycanlılar deyirlər ki, Çexiyada iş tapmaq Polşadan asan və gəlirlidir, amma orada qiymətlər buradan yüksəkdir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir