Kubra Məhərrəmova yazır…
Elə günümüz yoxdur ki, ermənilərin cəfəngiyyatları ilə qulaqlarımız cingildəməsin.
Bu gün də elə həmin günlərdən biridir. Siyasi, geosiyasi, beynəlxalq, iqtisadi və s. mövzuları kənara qoyub adi bir erməni qadınının səsləndirdiyi fikirləri sizə çatdıracağam. Bunlar danışdıqları, yazdıqları yalanlara özlərini o qədər inanırlar ki, sonda ayaqları elə öz yalanlarına dolaşır, yaratdıqları qondarma həqiqətlərini baş-ayaq edirlər…
Deməli erməni “YouTube” kanallarının birində iki erməni qadını oturub bizdən danışır. Bizə gah türk dedilər, gah tatar, gah da azərbaycanlı.
Verilişin qonağı olan Rita Mirzəbekyan öz “ağlamalı-faciəli” həyat hekayəsini tamaşaçılara ərz edir. Özü də rus dilində. Niyə bunu qeyd edirəm, indi bəzi qüvvələr üstümə düşəcəklər ki, erməni dilini bilirsən, deməli özün də ermənisən. Narahat olmayın, erməni deyiləm. Belə də ki, Bakıda o qədər erməni var ki, Azərbaycan dilini sizdən, məndən yaxşı bilir. Bu, başqa bir mövzudur…
Qayıdaq Rita xalaya. Rita xala dəsmalını götürüb ağlamağa başladı ki, bəs Sumqayıtda erməniləri eyvandan aşağı atıblar, küçələrdə döyüblər, erməni qadınlarını elə küçədə tutub zorlayıblar, amma heç kim azərbaycanlılara heç nə deməyib. Təsəvvür edin, sovet hakimiyyətinin bərqərar olduğu dövrdür. Və küçədə erməni qadınlarını kütləvi zorlayırlar. Nə isə təsəvvürümdə belə canlandıra bilmədim. Amma Rita xala danışır ki, sonra eyni hadisələr Bakıda da yaşandı. Küçədə azərbaycanlılar erməni kişilərini döyürdülər, qadınları da zorlayırdılar. Sonra da deyirlər SSRİ-də seks olmayıb. Sən demə kütləvi olub…
Mən Rita xalaya qulaq asdıqca, gördüm ki, nəsə kürəyim ağrıyır. Rita xalanın küləyi götürüb aləmi, amma öz-özümə dedim ki, səbirli ol, axıra kimi qulaq as.
Sən demə Rita xala Qarabağda doğulub, sonra Bakıya ərə gəlib, Bakıda mərkəzdə yaşayıb, mərkəzdə babat işdə işləyib, qısaca yağ-bal içində yaşayıb. Amma Bakıda həmişə “çujoy” olub. Belə çox maraqlı alınır. Olar mən də İrəvanda belə “çujoy” olum? İrəvanın mərkəzində evim olsun, yaxşı vəzifədə işləyim, mərkəzdə qəşəng ofisim olsun. Mən də belə “çujoy” olmağa razıyam. Nə isə, Rita xala o qədər maraqlı “tarixi faktlar”dan danışdı ki, gördüm monitor böyrü üstə qalacaq.
Rita xala ərz edir ki, Bakını tikənlər elə rus, erməni olublar. Vəzifələrdə də rus olub, erməni olub, yəhudi olub. Həkimlər də həmçinin. Azərbaycanlılar isə Əhmədlidə, Günəşlidə, ya da dağda, meşədə yaşayıblar. Yenə də faktlar uzlaşmır. Onda erməni qadınlarını Sumqayıtda, Bakıda günün-gündüz çağı kim zorlayıb? Axı azərbaycanlılar bu ərazidə yaşamayıblar.
Səni lənətə gələsən deyib davamını izlədim…
Rita xala başladı ermənilərin Bakıdan və Sumqayıtdan köç etməsindən danışmağa. Sən demə azərbaycanlılar hər Novruz bayramında mütləq adama bir erməni öldürməli imişlər. Çünki Novruz bayramında milli şirniyyat bişirən xanım-xatun analarımız bizim kişiləri təhdid edirmişlər ki, əgər bu xəmirə erməni qanı qatılamasa çörək bişirən deyiləm.
Amma Rita xala dəqiqləşdirmədi ki, məsələn, bir sini paxlavaya neçə damcı erməni qanı əlavə etmək lazımdır? Ya da 2 kq şəkərbura xəmirinə neçə qram erməni qanı əlavə olunmalıdır?
Bu an üçün Rita xalanın sosial şəbəkələrdə axtarıram ki, bir özündən xəbər alım. Baxma da, bu it uşaqları bizim adətləri bizdən daha yaxşı bilir. Görüm köhnə reseptlə xəmiri necə yoğurmaq lazımdır?
Yenə də uydurduğu əfsanə uzlaşmır. Çünki bu mif ilk dəfə yəhudilər üçün düşmənləri tərəfindən qondarılmış mifdir. Yəhudi xalqının Pesax deyilən bayramı var ki, bu bayramda da ənənəvi matsa hazırlanır. Yəhudiləri sevməyən xristianlar isə belə bir mif uydurmuşdular ki, yəhudilər Pesax bayramı üçün mütləq bir erməni, tfu, bir xristian uşağını rituala uyğun şəkildə öldürməli, sonra da onun qanını həmin hazırlanacaq xəmirə əlavə etməli idilər.
Yəni yalanı uyduranda belə bu erməni xalqının fantaziyası işləmir. Başqa xalqların mif və nağıllarını mənimsəyib, böyür-başına təzək vurub danışırlar.
Sonra Rita xala birdən başladı ki, Azərbaycanın cəmi 100 yaşı var. Nəsimi, Nizami, hətta Niyazi fars olub, Qaçaq Nəbi də oğru-quldur. Azərbaycanın cəmi bir qəhrəmanı var, o da Həzi Aslanovdur. O da azərbaycanlı deyil. Bunu deyəndə dedim ki, Rita xala bir az da danışsa, mən deyəsən özümdən də şübhələnəcəyəm ki, görəsən mən kiməm? Durnalarmı məni gətirib Azərbaycan torpağına, ya necə?
Amma Rita xalanın duzlu-məzəli söhbəti mən yenə küləkləyən monitora köklədi. Rita xala öz uşaqlıq xatirələrindən danışır ki, Qarabağda yaşayanda onların qonşusunda bir uşağı azərbaycanlılar oğurlayıb aparıb Ağdama, qolunu kəsiblər və məcbur ediblər ki, Ağdamda dilənsin. Uşağın valideyni nə qədər milisə, ona-buna deyibsə də uşağı tapan olmayıb. Sonra necəsə bunlar gəliblər Ağdama dilənən uşaq görüblər və milisə deyiblər ki, bu bizim uşaqdır. Milis deyib yaxınlaşmayın. Gecəni gözləyiblər, qara “Volqa” gəlib ki, uşağı aparsın, milis hamısını həbs edib. Sən demə bu erməni uşağını zirzəmidə itlə bir yerdə saxlayıblar. İtin qabında yemək veriblər və s.
Rita xala elə danışır, elə coşub ki, dedim indi kompüterim qızacaq. Videonu dayandırdım və düşündüm ki, Allah Xoşqədəmlə (xanımla, mütləq özümə borc bilirəm yazmağı) Zaurun üzünə baxıb ki, Rita xala Bakıda yaşamır. Atamın məzarına and olsun ki, bizimkilər ac qalardı, bütün reytinqləri Rita xala qırardı. Eyni janrdır axı…
Nə isə… Özümü toparlayıb davamını izlədim. Rita xala başladı öz nəsil-kökündən danışmağa ki, bəs babam filankəs, onun qardaşı Cümşüd Mirzəbekyan. A kişi, Cümşüd nə vaxtdan erməni adı olub ki? Niyə Cümşüd adı verilsin ki, qədim erməni övladına? Öz Aşot-maşot adı yox idi onda? Axı beş min il yaşı var erməni xalqının?
Sən demə XX əsrin əvvəllərində Cümşüdü də azərbaycanlılar zəhərləyib öldürüblər. Amma azərbaycanlılar o vaxtı olmayıb, ancaq sovetin vaxtında Günəşlidə, Əhmədlidə peyda olublar.
Sonra Rita xala başladı ki, Moskvada olanda Vəzirovun qardaşı oğlu ilə bir məclisdə olub. Onun da arvadı erməni olub. Qızı erməniyə ərə gedib. Nə isə, gördüm çox qarma-qarışıq tablo alınır. Və yenə də sual yaranır Ay Rita xala, madam Bakıda, Sumqayıtda günün-gündüz çağı erməni qadınlarını azərbaycanlı kişilər zorlayırdı necə alınır ki, ən vəzifəli kişilərin arvadları erməni olurdu? Axı bunu özün deyirsən ay Rita xala.
İndi də xeyli azərbaycanlı var ki, anası, nənəsi ermənidir. Onlar da hər Novruz bayramında şirniyyat bişirirlər. Yəqin bizdən fərqli olaraq, onlar xəmirə erməni qanı qatmırlar.
Qısaca Rita xalanı görən olsa desin ki, onun sayəsində ofisi qəşəng havalandırdıq, babat küləkləyirdi.
www.102info.az