Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib.
“Report” xəbər verir ki, martın 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya Novruz bayramı münasibətilə Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində təşkil edilən “Novruz şəhərciyi”ndə iştirak ediblər.
Əvvəlcə “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsinə ehtiram ifadə edilib.
El ağsaqqalı Dədə Qorqud, xalq qəhrəmanları Koroğlu və Babək Novruzun gəlişi münasibətilə xeyir-dua verib.
Bayram tonqalı yandırıldıqdan sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək deyib ki, Novruzun Azərbaycana builki gəlişi Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu “Heydər Əliyev İli”nə təsadüf etdiyi üçün xüsusilə əlamətdardır: “Məhz Ulu Öndərimizin səyi nəticəsində Novruz bayramı milli varlığımızın rəmzlərindən biri kimi bu gün qeyd olunur. Novruz bayramı keçmişlə gələcək arasında mənəvi bağdır. Bayramın mahiyyətini ifadə edən sülh, quruculuq və həmrəylik məfkurəsi Azərbaycan xalqının milli ruhunun və yaddaşının təzahürü, müstəqilliyimizin və dövlətçiliyimizin təntənəsidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün gücü və varlığı ilə çalışır və buna nail olur ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı inkişaf və rifah şəraitində yaşasın. Artıq Novruz bayramı ölkəmizdə Zəfər ovqatı və işğaldan azad olunmuş torpaqlara böyük qayıdış əhval-ruhiyyəsi ilə qeyd olunur. Əminik ki, cənab Prezidentin qətiyyətinin və iradəsinin nəticəsi olaraq Zəngəzur dəhlizi uğurla reallaşdırılacaq. Bu, Azərbaycanımıza, onun ayrılmaz parçası olan Naxçıvanımıza böyük inkişaf gətirəcək”.
Səlahiyyətli nümayəndə bu əziz bayram günündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bacı və qardaşlarımızın xatirəsini dərin hörmət və ehtiramla yad edib, şəhid ailələrini, qaziləri, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanan əsgər və zabitləri, bütün muxtar respublika əhalisini təbrik edib, sağlıq və səadət arzulayıb.
Şənlikdə muxtar respublikada olan bir çox təşkilatların, qurumların və fiziki şəxslərin əl işlərindən ibarət sərgi-satış təşkil olunub.
Sonra səlahiyyətli nümayəndə şəhid və qazi övladlarına bayram hədiyyələri təqdim edib, onlarla xatirə şəkli çəkdirib.
Tədbirdə qurulmuş “Uşaq şəhərciyi”ndə uşaqların əyləncəsini təşkil etmək üçün Mədəniyyət Nazirliyi və könüllülər tərəfindən maraqlı oyunlar keçirilib, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifası izlənilib.
Bayram şənliyində ictimai iaşə xidməti də göstərilib.
www.102info.az