Yanvarın 18-i axşam saat 22:30-dan başlayaraq rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb.
Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində 70 abonenti qazla təmin edən 76 mm-lik qaz xəttini ildırım vurması nəticəsində yanğın baş verib.
Hadisə yerinə cəlb edilən müvafiq qurumlar tərəfindən yanğının qarşısı alınıb. Abonentlərə təbii qazın verilməsi müvəqqəti dayanıb. Ərazidə olan elektrik dirəyini də ildırım vurub. Əraziyə elektrik enerjisinin verilməsində müddətli fasilə yaranıb.
Müvafiq qurumların apardıqları təmir nəticəsində elektrik enerjisinin verilməsi qısa müddətdə bərpa edilib.
Qeyd edək ki, mütəxəssislər qış aylarında güclü ildırım çaxmasını nadir təbiət hadisəsi kimi xarakterizə edirlər.