“Bir meyit səkkiz insana həyat verə bilər”.
Bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova APA-ya müsahibəsində deyib.
Onunla müsahibəni təqdim edirik:
– Yeganə xanım, ilk olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin fəaliyyət ilə bağlı ətraflı məlumat almaq istərdik. Mərkəz hazırda necə fəaliyyət göstərir?
– Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi 2022-ci ilin avqust ayında Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılıb və Nizamnaməsi təsdiq olunub. Mərkəzin İdarə Heyəti sədr, iki müavin və dörd nəfər üzvdən ibarətdir. Qərarları onlar qəbul edirlər. Mərkəzin əsas fəaliyyət istiqamətləri Azərbaycan Respublikasında orqan donorluğu və transplantasiya işinin təşkili, əlaqələndirilməsidir. Eyni zamanda, vahid informasiya bazasının yaradılması, canlı və meyit donorlardan resipiyentlərə orqanların verilməsi ardıcıllığının aparılması və respublikada olan bütün transplantasiya əməliyyatlarının koordinasiya edilməsi mərkəzin əsas fəaliyyət istiqamətləridir. Bununla yanaşı, biz mərkəz olaraq informasiya təminatını həyata keçirməliyik. Bu, çox vacibdir. Çünki Azərbaycanda hələ meyit donordan orqanlar verilmir və biz, əhalini bununla bağlı məlumatlandırmalıyıq ki, onlar öləndən sonra öz orqanlarını donor gözləyən insanlara vermək istəsinlər, bu xeyir və savab işə qoşulsunlar.
– Koordinasiya Mərkəzi vasitəsilə indiyə qədər neçə əməliyyat həyata keçirilib?
– Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan sonra 2022-ci ilin dekabr ayı ərzində dövlət proqramı ilə 22 böyrək, sonrakı ayda isə 3 əməliyyat icra olunub. Ən çox böyrək transplantasiyası əməliyyatı olmaqla, eyni zamanda, qaraciyər, sümük iliyi əməliyyatı da icra olunub.
Qeyd edim ki, bizə xəbər edilmədən həyata keçirilən əməliyyatlar da var. Bu, zamanla öz həllini tapacaq və bizim əlimizdə ölkə üzrə dəqiq ümumi statistik məlumatlar olacaq. Çünki vahid informasiya bazasını idarə edən qurum bizik.
– Orqanlar üzrə donor gözləyən xəstələrin statistikası necədir?
– Növbədə gözləyən 500-ə yaxın xəstə var. Onların daha çoxu böyrək xəstələridir. On illərdir ki, dializdə olan xəstələrimiz var, hələ də gözləyirlər, amma donorları yoxdur. Ola bilsin, yaxın qohumlarından kimsə donor olmaq istəyir, amma uyğunluq gəlmir. Burada, birinci, qan qrupu, ikinci isə, toxuma uyğunluğu çox önəmlidir. Əks halda donor olmaq mümkün deyil. Belə olduqda isə donor gözləyən şəxslər illərlə növbədə gözləməli olurlar. Onlar normal işləyə, oxuya bilmirlər. Həftədə 3 dəfə 4 saat dializdə olurlar. Onlar arasında gənclər, uşaqlar da var və həmin şəxslər gözləyə-gözləyə həyatlarını itirirlər, çünki donor yoxdur. Qohumluq əlaqələri olmadan yad bir insan üçün donor olmaq böyük humanizm, güclü şəfqət hissinə bağlı bir şeydir.
Sümük iliyinə şamil olunmasa da, böyrəyindən birini, qaraciyərinin bir parçasını verən insanlarda zəif zəncir əmələ gəlir. Həmin şəxs özü pisləşə bilər. Bu halda orqan bağışlamış adamın gələcəkdə transplantasiya əməliyyatına ehtiyacı olarsa, növbədə gözləməyəcək və orqan tapıldığı halda birinci ona veriləcək.
– Ölümündən sonra orqanlarını bağışlamaq istəyi ilə mərkəzə müraciət edənlər varmı?
– Bəli, müraciətlər var. Hələ ki az olsa da, müraciət edənlərin olması bizi sevindirir. Çalışırıq ki, bununla bağlı insanları daha çox maarifləndirək, informasiya verək.
– Bəs bu barədə müraciətçilərin ailələrinə məlumat verilirmi?
– Məsələn, Türkiyədə bu məlumat verilir, həmin şəxsin ailəsinə mesaj göndərilir. Amma bizim qanunvericilikdə belə deyil.
Ümumiyyətlə, sağlığında donor olmaq istəyənlər üçün dünya üzrə üç qayda var. Birincisi, rutin, ikincisi, razılıq, üçüncüsü isə, etiraz prezumpsiyasıdır. Rutin qaydasına görə, xəstə reanimasiya şöbəsində vəfat edibsə və süni tənəffüs aparatındadırsa, həmin xəstə potensial donordur və onların orqanlarının götürülməsi üçün heç kəsdən icazə alınmasına ehtiyac yoxdur. Sovet dövründə bu, belə idi. Hazırda İranda, İspaniyada bu qayda tətbiq olunur. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda isə etiraz prezumpsiyasıdır. Bu qaydaya görə isə əgər bir şəxs sağlığında donor olmaq üçün müraciət edibsə və siyahıda varsa, reanimasiya şəraitində öləcəyi təqdirdə, orqanları qohumlarından icazə alınmadan götürülür.
Əgər siyahıda yoxdursa, o zaman qohumlarından soruşulmalıdır. Kimsə sağlığında öləndən sonra orqanlarının götürülməsinə etiraz edənlər siyahısına yazılıbsa, o zaman həmin şəxsin qohumlarından da soruşulmur. Razılıq prezumpsiyasına görə isə kimsə orqanlarının öləndən sonra götürülməsinə aid icazə verənlər siyahısında varsa, qohumlarından icazə alınmadan orqanları götürülür, siyahıda yoxdursa, bu da razılıq kimi qəbul edilir.
– Bizdəki qaydanı necə dəyərləndirirsiniz?
– İlk olaraq, onu qeyd etmək istəyirəm ki, müraciət etsə belə, orqanlarını bağışlamaq hər kəsə qismət olmayacaq.
Son nəfəs və ya ruhun bədəndən çıxması anlayışları var. İnsanın son nəfəsi çıxdıqdan, yəni ruh bədəndən ayrıldıqdan sonra o, süni tənəffüs aparatı ilə nəfəs alır. Bu, cəsəddəki qanın aparatla oksigenləşdirilməsidir. Ürəyin beyindən asılı olmayan öz avtomatizmi var. Beyin ölübsə, yardım göstərildiyi təqdirdə ürək öz avtomatizmi ilə iki sutkaya qədər çalışa bilər. Kimsə reanimasiyada beyin ölümündən vəfat edirsə, onun orqanları yararlıdır. Bu zaman qanunvericiliyə görə yararlı orqanları götürülə bilər. Beyin ölümü çox vaxt avtomobil qəzalarda, beyin şişlərində, beyinə qan sızma hallarında olur. Yəni hamımız reanimasiyada ölməyəcəyik ki! Bəzilərimiz elə evlərimizdə ölürük, orqanlarımız yararlı olmur.
Beyin ölümü məsələn, anoksik beyin zədələnmələri, yəni əməliyyat zamanı müəyyən bir müddətlik beyinə oksigenin çatmaması nəticəsində beyin hüceyrələrinin ölməsi nəticəsində beyin ölümünün gerçəkləşməsidir. Bu, geridönməz prosesdir. Bu zaman həmin adam reanimasiyada vəfat edibsə, onun orqanları yararlı ola bilər. Bu zaman da müayinələr aparılır, həmin adamın laborator müayinələri komissiyalara göndərilir və orqanların transplantasiya üçün yararlı olub-olmadığı müəyyənləşdirilir.
Reanimasiyada beyin ölümündən vəfat edən adamın yaxınları onun orqanlarının götürülməsinə etiraz edərlərsə, meyit ailəyə təhvil verilir. Dəfn olunduqdan sonra torpağa qarışmış orqanlar nəyə lazımdır?! Amma heç kəs bilmədən, tam məxfi şəkildə orqanların bağışlanması, bir insanın həyatını qurtarmaq böyük savabdır.
– Bəs, transplantasiya əməliyyatı olunmuş şəxs və ya ailə yaxınları kimdən orqan köçürüldüyünü öyrənə bilərlərmi? Anonimlik məsələsi necə təmin edilir?
– Xeyr, tam məxfi olur və bu anonimlik qorunur. Məxfiliyin açılması cinayətdir. Bunu heç kəs bilməməlidir və bu işin savabı da bundan irəli gəlir. Quranın “əl-Maidə” surəsinin 32-ci ayəsində yazılıb ki, bir insanı ölümdən xilas etmək, bütün insanlığa həyat bəxş etmək hesab olunur. Savab da o zaman savab olur ki, onu heç kəs bilmir, məxfi edilir. Bu əməlin mahiyyəti də bundadır. İnsan özü xəstələnməsə, bu məsələ ailəsinə, yaxınlarına toxunmasa, onu başa düşmür, yalnız bu halda orqanlara ehtiyacı olanları anlayır.
– Sizcə, cəmiyyətimizdəki insanlar yaxınlarına beyin ölümü diaqnozunun qoyulmasına nə dərəcədə hazırdırlar?
– İspaniyada bu istiqamətdə 10 il maarifləndirmə işi apardıqdan sonra insanlar öz orqanlarını bağışlamağa başladılar. Türkiyədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi 1973-cü ildə yaradılıb, amma meyitdən orqan verilməsi 90-cı illərdən başlayıb. Biz isə bu işə bir qədər də gecikmişik. Lakin insanların fikirlərini öyrəndiyimizdə görürük ki, bu işin mahiyyətini anlayan və öz orqanlarını bağışlamaq istəyənlər də var. Buna görə düşünürəm ki, bir-iki ilə ölümündən sonra orqanlarını bağışlamaq istəyən insanların sayı artacaq.
Böyrək, qaraciyər, ağciyər, ürək gözləyən çoxlu insan var. Ürək çatışmazlığından əziyyət çəkən çox sayda gənc var. Ürək köçürülməsi isə yalnız kadavradan mümkündür.
– Yeganə xanım, transplantasiya əməliyyatı üçün xərcləri kim qarşılayır: dövlət, yoxsa vətəndaşlar özləri?
– Xərclər dövlət tərəfindən qarşılanır. Ümumiyyətlə, dövlətimiz bu insanlara çox böyük qayğı göstərir. Bu ildən bütün transplantasiya əməliyyatları İcbari Tibbi Sığortanın tibbi xidmətlər zərfi ilə ödəniləcək. Biz həmin zərfin açıqlanmasını gözləyirik. Eyni zamanda, hər il dövlət büdcəsindən böyrək transplantasiyaları üçün müəyyən bir məbləğ ayrılır. Bu məbləğ də təxminən 20-22 adamın transplantasiya əməliyyatına çatır. Bu ildən isə hamısı İcbari Tibbi Sığorta zərfi çərçivəsində qarşılanacaq.
Eyni zamanda, əməliyyatdan sonra istifadə olunan preparatlar var ki, onlar olmasa, orqanizm həmin orqanı bədəndən çıxarar. Buna görə əməliyyat olunmuş şəxs ömrünün sonuna qədər həmin preparatları qəbul etməlidir. Həmin preparatların illik xərci təxminən 3 min manat olur. Bunu da dövlət ödəyir. Bu dərmanlar ilk dəfə 80-ci illərdə kəşf edilib. Buna qədər transplantasiya əməliyyatı uğurlu keçsə də, xəstələr vəfat edirdilər, çünki həmin preparatlar yox idi.
– Əməliyyatlardan əvvəl risklərin qiymətləndirilməsi necə aparılır, xəstə və xəstə yaxınları ilə risklərə dair anlaşma imzalanırmı?
– Canlı donorun, resipiyentin razılığı, həkim komissiyasının qərarı forması var və bütün bunlar orada nəzərə alınıb. Canlı donora əməliyyatdan sonra ehtimal olunan ağırlaşmalar, ölüm halı və s. bildirilir. Bu da orqan alverinin qarşısının alınması məqsədilə edilir.
– Yeganə xanım, hansı halda canlı donorların ailə üzvlərinin razılığına ehtiyac olur?
– 18 yaşdan yuxarı hər kəs orqanlarını verə bilər. Sümük iliyi və kök hüceyrəni isə 18 yaşdan aşağı şəxslər də verə bilər. Solit, yəni bərk orqanlar ölü donorlardan götürmək üçün 1 yaşı tamam olmuş, canlı donorlar isə 18 yaşdan yuxarı olmalıdır.
– Hansısa əməliyyatlar üçün xarici ölkələrdən həkimlər dəvət edilirmi və ya gələcəkdə buna ehtiyac olacaq, yoxsa bütün əməliyyatlar üçün özümüzdə kifayət qədər ixtisaslı həkimlər var?
– Özümüzün ixtisaslı həkimlərimiz bu işin öhdəsindən gəlirlər. Hazırda ölkəmizdə sümük iliyi, böyrək və qaraciyər transplantasiyası öz həkimlərimiz tərəfindən aparılır.
– Xarici ölkələrdən orqan gətiriləcəyi barədə məlumat yayılmışdı. Hansısa ölkələrlə bu istiqamətdə danışıqlar aparılırmı?
– Qanunvericiliyə görə xarici ölkələrdən ancaq gözün buynuz qişası gətirilir. Gözün buynuz qişası isə ölmüş adamdan götürülə bilər. Bu zaman xəstənin reanimasiyada ölməsi şərt deyil.
Xarici ölkələrdən gözün buynuz qişasından başqa orqan gətirilmir. Başqa orqanların gətirilməsi bizim həmin ölkə ilə müqaviləmiz olacağı halda mümkündür. Bu, gələcək üçün düşünülür. Türk soylu ölkələr bir-biri ilə müqavilə bağlayaraq orqan mübadiləsi edə bilər, biz də həmçinin. Çünki türk soylu ölkələrlə genetik olaraq daha yaxınıq. Lakin qanunvericiliyimizə görə, orqan olduğu halda vətəndaşımızın ehtiyacı varsa, ilk onlara təqdim edilməlidir. Bu, Türkiyədə də belədir. Hazırda Türkiyədə təxminən 21 min orqan gözləyən var. Ölü donordan çıxan orqan həmin adamlar arasında heç kəsə uyğun gəlmədiyi halda bizə təklif edə bilər.
– Bu, çox aşağı ehtimaldır…
– Elədir. Çünki Türkiyə də ölü donordan transplantasiya üzrə irəli sıralarda deyil. Transplantasiya diri donordan 1 milyon əhaliyə 51%-dirsə, ölü donordan təxminən 11%-dir.
– Bir çox insana görə, öldükdən sonra bütün orqanları ilə torpağa tapşırılmaq önəmlidir. Amma sizin də dediyiniz kimi, orqan bağışlamaq da böyük savabdır. Deyəsən, bu məsələdə insanları narahat edən digər məqam da yaxının meyitinin yarılması məsələdir.
– Bütün dinlərdə meyitə ehtiramla yanaşma var. Ölmüş adamdan götürülən orqan canlı adama köçürülmək üçün çıxarılırsa, deməli, burada çox ehtiyatla davranılır.
Mən Səudiyyə Ərəbistanında işləmişəm. Orada meyitdən orqan götürülməsi çox geniş yayılıb. Səudiyyə Ərəbistanı İslamın mərkəzidir.
– Bəs, sizcə, bizim bu məsələdə gecikməyimizin səbəbi nədir?
– Bizdə bu istiqamətdə maarifləndirmə işi yaxşı aparılmayıb. Gələcəyi düşünməliyik. Əvvəldə də dediyim kimi, insan məsələ özünə toxunmadan bunu başa düşmür. Xeyirxah olmaq lazımdır. Cavanlar avtomobil qəzaları nəticəsində beyin ölümü keçirirlər. Onların sağlam orqanları torpağa verilir, orada çürüyür. Bunun nə mənası var? Amma kiməsə kömək etmək böyük savabdır. Bir meyit 8 insana həyat verə bilər: İki böyrək, iki ağciyər, iki yerə bölünən qaraciyər, bir ürək, iki buynuz qişa.
Hərənin bir taleyi var, hərə bir cür ölür. Ölümündən sonra kiminsə həyatını xilas etmək şansın olacaqsa, nə gözəl! Həmin adamın ruhu da daha şad olar!
– Bu məsələdə maarifləndirmə istiqamətində işlərinizi hansı formada aparırsınız?
– Biz hələ təzə başlayırıq. Buna görə çalışırıq, mediada çıxış edək. Bu əməli xatırlatmaq üçün geyimlər hazırlayırıq ki, paylayaq, insanlar geyinsinlər, bir-birini məlumatlandırsınlar.
– Bir çox insan meyitdən orqan və ya toxuma götürülərək transplantasiya əməliyyatı olunmaq ümidi ilə gözləyir. Bu məsələ artıq qanunda da əksini tapıb. Amma dediyiniz kimi, kadavradan (meyitdən) orqan və ya toxuma götürülərək transplantasiya əməliyyatı həyata keçirilməyib. Bu əməliyyatlara nə vaxtdan başlanılacaq?
– Hazırda ancaq buynuz qişa əməliyyatı olur, bunun üçün də donor xaricdən – Amerikadan gəlir. Kadavradan orqan götürülməsi üçün müraciətlər olmalıdır, biz onları qeydiyyata almalıyıq. Bakıda və eləcə də regionlarımızdakı süni tənəffüs aparatı olan reanimasiyalarda beyin ölümü diaqnozu qoyulmalıdır. 2018-ci ildən Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə beyin ölümü diaqnozunun qoyulmasına dair kriteriyalar var. Biz də bununla bağlı işlər aparırıq.
Beyin ölümü diaqnozu qoyulmalı, xəstənin yaxınına xəbər verilməli, bundan sonra bizim koordinator onlarla danışmalı, icazə almalıdır. Yenə qeyd edirəm, əgər vəfat edən şəxs ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlər siyahısındadırsa, ailəsindən icazə almağa ehtiyac yoxdur, yox əgər belə bir müraciəti olmayıbsa, o zaman ailənin razılığı alınmalıdır. Ailə razılıq verdiyi təqdirdə, orqanları götürülməli, əks təqdirdə isə meyit süni tənəffüs aparatından ayrılmalı və ailəsinə təhvil verilməlidir.
– Vəfat edənin komada olduğu, yoxsa beyin ölümü keçirdiyindən yüz faiz əmin olmaq mümkündür?
– Beyin ölümü diaqnozunu həkim-reanimatoloq təsdiq edir. Eyni zamanda, həkim-nevropatoloq və ya neyrocərrah ikisi birlikdə sənədi imzalamalı və təsdiqləməlidirlər. Hazırda xəstənin yüz faiz beyin ölümü keçirdiyini təsdiq edən instrumental müayinə metodları var. Əgər klinik təsdiq edilibsə və bir instrumental metodla (beyinin ultrasəs və ya kompüter tomoqrafiyası) beyinə qan getmədiyi dəqiqləşirsə, vəfat edənin beyin ölümü keçirdiyini deyə bilərik. Bu zaman xəstə yaxınlarının beyin ölümü diaqnozu ilə bağlı hansısa şübhəsi qalmamalıdır.
Beyin ölümü diaqnozu qoymaq istədiyimiz xəstədə qlasko-koma şkalası üzrə göstərici 3 olmalıdır, yəni heç bir həyat əlamətləri olmamalıdır. Çünki koma və beyin ölümü fərqli şeylərdir. Komaya düşmüş xəstə bir il sonra ayıla bilər. Həmin xəstə nəfəs alır, amma beyin ölümü xəstəsi nəfəs ala bilmir, onun ruhu çıxıb və o aparatda olsa belə, iki sutkadan sonra vəfat edir.
Belə vəziyyətdə orqanların götürülməsi prosesini uzatmaq olmaz. Həmin meyiti maksimum 2 sutka saxlamaq mümkündür.
– Beyin ölümü keçirmiş şəxslərin statistikası varmı?
– Hələ ki bizim həkimlər vəfat edənlərə belə bir diaqnoz qoymurlar. Reanimasiyada beyin ölümü halları olur, təsdiqlənir, lakin hələ ki diaqnoz olaraq yazılmır. Biz bunun da təbliğatını aparırıq, həkimlər arasında maarifləndirmə işləri görürük.
– İndiyəcən belə bir diaqnozun qoyulmasına mane olan səbəb nədir?
– Sadəcə insanlar bilmirdilər ki, belə bir şey var. Biz mərkəz olaraq yeni yaranmışıq və çalışırıq ki, bununla bağlı maarifləndirmə işləri aparaq. Həkimləri Təkmilləşdirmə İnstitutunun reanimasiya üzrə tədris proqramına bunu salmışıq. Bütün reanimatoloqlar həmin tədrisi alır və sertfikasiyadan keçirlər.
– Orqanlarını bağışlamaq istəyənlər necə müraciət edə bilərlər?
– Bizim proqram indi hazırlanır. Vahid informasiya bazası fəaliyyət göstərəcək. Saytımız fəaliyyətə başladıqdan sonra “ASAN xidmət”ə giriş olacaq və oradakı formanı doldurduqdan sonra elektron donor kartı ala biləcəklər. Amma hələlik bu olmadığına görə müraciətləri özümüz qeydə alırıq.
– Yeri gəlmişkən, xəstəxanalarımızın reanimasiya şöbələrində texniki təminatla bağlı hazırkı vəziyyət necə dəyərləndirirsiniz?
– COVID-19 pandemiyasının kəskin yayıldığı vaxtda dövlətimiz bütün reanimasiyaları süni tənəffüs aparatları ilə təmin edib. Bu gün respublikada süni tənəffüs aparatının olmadığı reanimasiyanın olduğuna inanmıram. Bu xəstəxanaların hamısından bizə orqan gələ bilər.
– Yeganə xanım, sonda çatdırmaq istədiyiniz mesaj, demək istədiyiniz hansı fikirlər var?
– Mənim sözüm həkim-reanimatoloqlaradır: Əgər sizin reanimasiya şöbəsində beyin ölümü diaqnozu qoyulubsa, bunu bizə xəbər verin, xəstə yaxınlarına xəstənin vəfat etdiyini deyin. Beyin ölümü bioloji ölümdür. Beyin ölümündən sonra 1-2 sutka ərzində laborator müayinələr apararaq orqanları götürüb istifadə etmək, bir neçə insanın həyatını qurtarmaq mümkündür. Xəstə vəfat edəndən sonra toxuma tipləməsi aparılır və kimə uyğun olduğu müəyyənləşir. Xəstə əvvəldən reanimasiyada olduğuna görə digər orqanlarının necə olması ilə bağlı onsuz da analiz nəticələri olur.
İnsanlarımıza, bütün cəmiyyətimizə isə müraciət edərək demək istəyirəm ki, orqanlarınızı bağışlayın. Düzdür, biz bilmirik necə öləcəyik, orqanlarımızı bağışladığımız halda onunla kiminsə həyatını xilas edə biləcəyik, yoxsa yox, amma əvvəlcədən orqanlarımızı bağışlayaraq reanimasiyada öləcəyimiz təqdirdə bu savabı qazanmağa çalışaq.
www.102info.az