Tender adı ilə aldığı 240 mini kazinoda uduzan şəxslə bağlı QƏRAR

Cəmiyyət


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mövsüm Mövsümovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mövsümov Mövsüm Vaqif oğlunun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətdiyinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

2021-ci ilin may ayında şəxs Ukrayna ərazisində müəyyən edilərək həbs edilib.

İttihama görə, Mövsüm Mövsümov Nabil Quliyevə Şəki şəhərində tikiləcək, smeta dəyəri 6 200 000 manat olan 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı keçiriləcək tender müsabiqəsində zərərçəkmişin yaradacağı şirkəti Təhsil Nazirliyində yüksək vəzifədə işləyən, şəxsiyyəti istintaqa bəlli olmayan tanışının vasitəsi ilə qalib etdirəcəyi barədə yalandan vəd verib. Mövsüm zərərçəkmişi aldadaraq 1 dekabr 2020-ci il tarixdə, saat 16 radələrində “Təməl” yaşayış kompleksinin zirzəmisində onun ümumilikdə 240 000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmə iclasında Mövsüm Mövsümov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini deyib.

O qeyd edib ki, mobil telefon vasitəsilə kazino oyunu oynadığından Nabildən götürdüyü puldan təxminən 10 000 min manatını həmin gün uduzub:

“Sonrakı günlərdə yenə də kazino oynamağa davam etdim. Pulların hamısını yenə uduzdum. Təxminən 43-44 min ABŞ dolları pul qaldı. Bundan sonra Ukraynaya getdim. Ukraynaya getdikdən sonra qərara gəldim ki, əlimdə qalan pulla iş qurub, qazanıb Nabilin pulunu qaytarım. Əvvəllər ABŞ-nin Nyu-York ştatında uzun illər yaşadığımdan orada yaşayan tanışım İlqara 28 000 ABŞ dolları pul göndərdim ki, oradan xeyriyyə fondları tərəfindən yığılmış və istifadə olunmuş geyimlərdən Ukraynaya göndərsin və “Second hand” mağazalarına paylamaqla satım. İlqar ABŞ-də xeyriyyə fondlarından paltarları yığmaqla məşğul olmağa başladı. 28 may 2021-ci il tarixdə Ukraynanın Rovno Vilayət Polis İdarəsinə immiqrasiya məsələsi ilə bağlı yaxınlaşarkən saxlanıldım və məlum oldu ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən barəmdə axtarış elan edilib. Təxminən altı ay Ukraynanın Rovno vilayətində istintaq təcridxanasında saxlanıldıqdan sonra Bakı şəhərinə köçürüldüm”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir