“Dənizkənarı Milli Park açıq məkandır və respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisidir. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna görə, milli parklar – xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən ibarət olan ərazilərdir və burada xüsusi mühafizə rejimli zonalar, habelə digər fəaliyyət zonaları müəyyən edilə bilər. Azərbaycan Respublikasının “Ətraf-mühitin mühafizəsi haqqında” qanunun 62.5-ci maddəsinə əsasən, xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə və istifadə rejimləri, onların fəaliyyətinin şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir”.
Bu barədə Dənizkənarı Bulvar İdarəsinin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, Dənizkənarı Milli Parkın fəaliyyətinin təşkili, onun mühafizə və istifadə rejimləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə”də müəyyən olunub. Əsasnaməyə görə, Milli Park ərazisində ümumi rəhbərliyi və nəzarəti “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs həyata keçirir, İdarənin həmçinin Milli Park ərazisində xüsusi mühafizə rejimi və digər fəaliyyət zonalarını müəyyən etmək müstəsna səlahiyyəti var.
İdarənin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli fərmanı ilə təsdiq edilmiş Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi əsasında təşkil olunur. Nizamnamədə İdarənin fəaliyyətinin məqsəd və istiqamətləri, habelə hüquq və vəzifələri öz əksini tapıb.
Dənizkənarı Milli Parkın xüsusi mühafizə olunan təbiət obyekti kimi hüquqi statusunu nəzərə alaraq, İdarənin Nizamnamə üzrə vəzifələrindən irəli gələn hüquqlarından biri də Milli Park ərazisində yerləşən təbiət və tarix-mədəniyyət komplekslərinin, xüsusi əhəmiyyətli obyektlərin tədqiqinə və təbliğinə (reklam yerləşdirilməsi, audiovizual çəkilişlərin aparılması və s.) razılıq vermək hüququdur (3.2.7-ci yarımbənd). Yuxarıda adı çəkilmiş Qanunun 1-ci maddəsində “xüsusi mühafizə olunan təbiət ərazilərinə verilən anlayışdan aydın olur ki, Dənizkənarı Milli Park bütövlükdə xüsusi təbiət və tarix-mədəniyyət əhəmiyyətinə malik olan ərazidir. Bundan əlavə, Nizamnamənin müvafiq yarımbəndi ilə ali icra hakimiyyəti orqanı tərəfindən İdarəyə verilmiş bu hüquq, İdarənin ümumi rəhbərliyi və nəzarəti həyata keçirdiyi Milli Park ərazisində aparılan çəkilişlərlə bağlı məlumatlı olmaq hüququnu ehtiva edir.
Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli, 114 nömrəli qərarına əsasən, xüsusi mühafizə olunan təbiət ərazilərində (həmçinin milli parklarda) “professional video və foto çəkilişləri etmək” həmin ərazilərdən istifadə etmək anlayışının tərkib hissəsidir. İdarənin Nizamnaməsinin 3.1.3-cü yarımbəndinin məzmununa görə, Milli Park ərazisindən istifadə qaydalarına riayət edilməsi ilə əlaqədar zəruri tədbirlər görmək İdarənin səlahiyyətlərinə daxildir.
Dənizkənarı Milli Park ərazisində bu günə qədər media subyektləri, incəsənət nümayəndələrinin müraciətləri əsasında onlar tərəfindən aparılmış peşəkar çəkilişlərə İdarə tərəfindən rəsmi olaraq qadağa qoyulmamış, yaxud xüsusi icazə sənədinin alınması tələb olunmamışdır. Milli Parka gələn qonaqlar, sadə vətəndaşlar və turistlər tərəfindən aparılan şəxsi audiovizual çəkilişlərə isə, ümumiyyətlə, hər hansı bir müdaxilə olmamışdır. Dənizkənarı Bulvar İdarəsinin rəsmi mövqeyi Milli Park ərazisində bütün media subyektlərinin informasiya əldə etmək və məlumat almaq azadlığının təmin edilməsi üçün öz səlahiyyətləri daxilində bütün zəruri imkanları yaratmaq və əməkdaşlıq etməkdən ibarətdir. Bu mövqe Milli Parkın xüsusi mühafizə olunan təbiət ərazisi olduğunu, habelə İdarənin əraziyə ümumi rəhbərlik və nəzarət üzrə səlahiyyətlərini nəzərə alaraq, ərazidə aparılan çəkilişlərlə bağlı İdarənin bir dövlət qurumu kimi məlumatlı olmaq, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunan açıq çağırışların öz səlahiyyətləri daxilində qarşısının alınması hüququna hörmətlə yanaşılması prinsipini də əhatə edir.
“Bir daha qeyd edirik ki, Milli Parka gələn yerli sakinlərin və turistlərin şəxsi məqsədli audiovizual çəkilişləri ilə bağlı İdarə ilə hər hansı bir razılaşdırma nəzərdə tutulmur. Dənizkənarı Milli Park ərazisində kommersiya məqsədli, sosial yönümlü peşəkar audiovizual çəkilişlərin aparılması, habelə reklam çarxlarının çəkilməsi, bəyanat və açıq çağırışların yayımlanması İdarə ilə razılaşdırılmış qaydada həyata keçirilir. Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Respublikasının qanunvericiliyini və ümumqəbul olunmuş hüquq prinsiplərini rəhbər tutaraq, öz fəaliyyətini yalnız ona verilmiş hüquq və səlahiyyətlər daxilində təşkil etdiyini və öz ictimai məsuliyyətini dərk etdiyini bəyan edərək, bundan sonra da Milli Park ərazisinin öz hüquqi statusuna uyğun şəkildə inkişaf etdirilməsi, qorunması və abadlığının təmin olunması istiqamətində səylərini əsirgəməyəcəyinə ölkə ictimaiyyətini əmin edir”, – deyə Dənizkənarı Bulvar İdarəsinin bəyanatında qeyd olunub.
www.102info.az