“Gəlinliklə ked, krosovka geyinən xanımları başa düşə bilmirəm. Ay bala, 200 manatdan çox o gəlin makiyajına, 500 manatdan çox gəlinliyin icarəsinə pul verirsiniz, dörd-beş saat hündürdaban ayaqqabıda dayana bilmirsiniz? Heç heyfiniz gəlmir o qədər çəkilən əziyyətə? Xanım-xatın görünmək üçün qurban verməlisən. Əbəs yerə deməyiblər ki, gözəllik qurban tələb edir”.
Bu fikirləri Oxu.Az-a müsahibəsində dizayner Vəfa İsazadə deyib. O, bu ilin yaz-yay mövsümlərinin dəbi, aksesuarları, rəng çalarları barədə, gündəlik geyimləri uyğunlaşdırmada yol verilən səhvlər, rənglərin harmoniyası və s. barədə suallarımızı cavablandırıb:
– Ötən illə müqayisədə bu yaz dəb deyəndə nə yada düşəcək?
– İlk olaraq rəngdən danışmaq istəyirəm. Bu, canlı, al-qırmızı rəng – “Viva magenta” – olacaq. Bilirsiniz ki, hər il bir rəng seçilir, keçən ilin dəbli rəngi firuzəyi olub. “Viva magenta” həm çılğınlıq, həm yumor, həm də al-əlvanlıq bildirir. Bu ilin rəngi məhz al-qırmızı olduğu üçün geyimlərdə də bir çox dəyişikliklər olacaq. Elə düşünün ki, bir növ 2000-ci illərə qayıdacağıq. Məsələn, bu il cins (denim) geyimlər öz aktuallığını saxlayacaq.
Qeyd edim ki, denim pambıqdan hazırlanır. Onun daha elastik olması üçün 1-30% elastan qatırlar. Dözümünü artırmaq üçün də süni materiallar (poliester, laykra, elastan və lyossel) da işə yarayır.
Hətta cins materiallarla kombinə edilən geyimlər də öz aktuallığını saxlayacaq. Məhz 2000-ci illərdəki kimi, çanaqüstü şalvarlar və ətəklər dəbdə olacaq. Həmçinin dekoltelər, yəni çiyinliksiz koftalar, krop-top və s. çox gözə çarpacaq. Paralel olaraq uzun geyimlər də öz aktuallığını qoruyacaq. Yəni ziyafətlər üçün uzun, şıq geyimləri nəzərdə tuturam. Xüsusi qeyd edim ki, tikilməsində gipürdən istifadə edilən geyimlər bu il dəbdə olacaq.
Ornamentlərə nəzər salsaq, məsələn, keçən il çəkilmə printlər dəbdə idisə, bu il rəngarəng parçaların kombinəsi ilə olan geyimlər göz oxşayacaq. Riskli və çətin kombinə edilən dəri, dəri materiallar da bu il öz aktuallığını qoruyub-saxlayacaq.
– Sizcə, gənc və orta nəslin nümayəndələrinin geyimlərində yol verdikləri nöqsanlar nələrdir?
– Bilirsiniz ki, əvvəllər hansısa bir aksesuarı geyimin rənginə uyğunlaşdırmaq dəbdə idi. Məsələn, eyni rəngdə çanta və ayaqqabı seçilməsi mütləq idi.
Bundan sonra dəb dəyişdi və artıq rənglərin kombinə olunmağı elə də vacib sayılmadı. Sən çantanı da başqa rəngdə götürə bilərsən, ayaqqabını da başqa rəngdə geyinə bilərsən. Amma təəssüf edirəm ki, bəzən düzgün olmayan rənglərdə geyim və aksesuar seçilir. Yəni fərqli rənglərin kombinə olunması o demək deyil ki, sən heç cür uyğun gəlməyən rənglərdə geyim, ayaqqabı, çanta seçib, “bilirsiniz, bu, uyğunluqdur”, yaxud da “artıq uyğunluq dəbdə deyil və mən bunu belə geyinirəm” deyəsən. Bu, doğru yanaşma deyil. Fərqli rənglərin müəyyən ahəngi var. Bəzən bunu çox qabardırlar.Məsələn, bilirsiniz ki, yaşıl, sarı və yaxud narıncı rənglər bir-birilə uyğunlaşır. Amma biri, məsələn, yaşıl ayaqqabı ilə boz çanta götürür. Siz buna uyğunluq deyə bilərsiniz? Mən – yox. Mən heç bir harmoniya görə bilmirəm. Mən bunu artıq rənglərin uyğunsuzluğu yox, birbaşa zövqsüzlük adlandırıram. Yəni düşünürəm ki, uyğunlaşan fərqli rənglər var: məsələn, ağ, qara rənglərin uyğunluğu və s.
– Ağ-qara demişkən. Bu rənglər ümumiyyətlə heç vaxt dəbdən düşmür.
– Bəli, ağ-qara rənglər hər il dəbdə olur. Həmçinin bej, boz rənglər, soyuq tonlar da kölgədə qalmır. Bunlar baza rənglər hesab olunur və dəbdə olur. Bu rənglərdən ibarət geyimlər, əlbəttə, geyinilə bilər. Amma yenə də uyğunlaşdırmaq önəmlidir.
Əslində, qara özü də çox şıltaq rəng hesab olunur. Düzgün uyğunlaşdıranda çox kübar, füsunkar görüntü almaq olar. Uğursuz kombinə isə istənilən halda səni zövqsüz göstərəcək. Qara rəng geniş istifadə edilsə də, hər adama yaraşmır. Qarabuğdayı insanlar qara rəngli geyimlər seçəndə bu, onların rəngini boğa bilər. Ona görə də qaradan da düzgün istifadə etmək lazımdır.
– Təxminən 2009-cu ildə sarı rəng və çalarları həddən çox dəb oldu. Bəlkə də, dəb olmadı, insanlar bunu dəb halına gətirdilər. Necə düşünürsünüz?
– Ümumiyyətlə, bu il əlvan rənglər – qırmızı, çəhrayı, bənövşəyi, portağal, sarı, göy, yaşıl – dəbdədir. Bilirsiniz, mən əlvan geyinən insanları alqışlayıram, hətta ayaqda alqışlayır. Çünki mən həmişə deyirəm ki, insanın əlvan geyinməyi onun daxili aləmindən xəbər verir. Bu rənglərə üstünlük verənlər çılğınlıq, özünəinam, sərbəstlik nümayiş etdirirlər.
Sarı rəngin özü və çalarları da hər adama yaraşmır. İnsanın geyim seçimi dəri rənginə, çəkisinə, üslubuna, xarakterinə uyğun olmalı, bir bütün təşkil etməlidir. Kimsə hansısa rəngdə geyim geyindisə, bu, o demək deyil ki, siz də alıb geyinməlisiniz. Məsələn, qarabuğdayı xanımlara sarı bir o qədər də yaraşmır. Sarının sanki ifrat bir forması çıxır üzə. Ağbəniz, yaxud saçları açıq rəngli olan xanımlar geyinəndə daha gözoxşayan olur.
Yenə də deyirəm, qırmızının, mavinin və yaxud sarının müəyyən çalarları var ki, hər kəsə yaraşmır. Məsələn, qırmızının elə çaları var ki, çox istifadə edəndə ifrat dərəcəyə çatır və vulqar görünür. Amma elə çaları da var ki, biz ona “qış gilənarı” deyirik, bordo rəngə bənzəyir.
Əlvan rənglərin içərisində xüsusilə seçilən bənövşəyi – kübarlığın rəngidir. O, sakitləşdirici xüsusiyyətə malikdir. Bəzən insanlar yataq otaqlarında məhz bənövşəyi çalarlardan istifadə edilər ki, rahatlıq tapsınlar. Ona görə ki, sakitlik yaradır.
– Geyimləri insan xarakteri ilə çox uzlaşdırdınız. Bəzən heç sevmədiyimiz halda dres-koda riayət etməyə məcbur oluruq. Həqiqətənmi geyim insanın xarakterini büruzə verir?– Əlbəttə. Yeməyindən tutmuş, hətta oxuduğu kitablara, seçdiyi janra görə insanın xasiyyətini bilmək olur. Məsələn, mən hər hansı bir məclisdə olsam, beş nəfər otursa, onlardan biri sırf qara rəng geyinsə, düşünərəm ki, o, xasiyyətcə çox qapalı adamdır. Məclislərdə nəzər yetirsəniz, görərsiniz ki, əlvan geyinən insanlar daha sərbəst, daha ünsiyyətcil, əyləncəlidirlər. Amma qara geyimlilərin əksəriyyəti çox sakit duracaq və sadəcə, ətrafdakı insanları müşahidə edəcək.
Mən demirəm ki, qara geyinən insanların psixoloji durumu yerində deyil. Xeyr, qətiyyən, xahiş edirəm, fikrim düzgün anlaşılsın. Bu məsələdə ailə mühiti də çox önəmli rol oynayır. Bəzən ailənin təzyiqi, yaxud da başqasının təsiri ilə insanlar özlərini hansısa bir çərçivəyə uyğunlaşdırırlar. Bəli, inanın ki, bəzən insanların şüuraltı düşüncələri onların yaşayışına, eləcə də geyimdə rəng seçiminə sirayət edir.
– Cırıq şalvarlar, krop-toplar necə? Belə cins şalvar və pencəklə kombinə edilmiş geyimlər dəb sayıla bilərmi?
– Çoxlarının bəyənmədikləri o cırıq şalvarlardan mən də istifadə edirəm. Birincisi, cırıq şalvarları çəkisi çox olan xanımlar, bəylər geyinməməlidirlər. Bu, birmənalıdır. Bu şalvarları yalnız incə bədən quruluşuna malik, azçəkili şəxslər geyinməlidirlər. Keçən il “oversayz” köynəklər, pencəklər dəbdə idisə, bu il artıq onları krop-toplar əvəz edir. “Oversayz” geyimlər artıq belə demək olarsa, geridə qalır.
Cırıq cins şalvarları geyinən ağırçəkili xanımları şiddətlə qınayıram. Çünki onların əynində şalvarın nə gözəlliyini, nə üslubun kreativliyini görmək olur. Gözə yalnız həmin xanımın və ya bəyin artıq çəkisi çarpır. Eləcə də krop-toplar. Mədəsi irəli çıxan, kilolu xanımlar bu geyimlərdən uzaq durmalıdırlar. Hətta deyərdim ki, əynində krop-topu tapa bilmirsən, qatlanır, qalır artıq kiloların altında. Bunu edən xanımlar nə düşünürlər? Sizə baxanlar geyiminizə deyil, sizin eybəcər bədən quruluşunuza baxırlar, əzizlərim. Mən krop-top geyinməyin əleyhinə deyiləm, düşünürəm ki, geyinmək istəyirsinizsə, bir az qida rasionunuza riayət edin, çəkinizi azaldın, daha sonra geyinin.
– Özünəməxsus üslub yaradan pələng, bəbir printli parçalar tarixə qovuşmağa tələsmir? Son dövrlərdə şəhərin mərkəzi küçələrində bəbirlər gəzirlər sanki.
– Bu mənim ən yaralı yerimdir (gülür). Pələng printli geyimlər heç vaxt dəbdən düşməyəcək, amma bizim xanımlar onu çox zövqsüzləşdirirlər. Bu, özünəməxsus geyim və ağır tərzdir. Yəni o artıq bir bazaya çevrilib və zolaqların formasından asılı olaraq çalarları var. Onu düzgün seçmək lazımdır. Riyaziyyat dəftərinin vərəqi kimi altdan eninə, üstdən uzununa, fərqli zolaqlı geyimləri kombinə edib küçəyə çıxmaq olmaz. Pələng printli materiala ehtiyatla yanaşmaq lazımdır.
Bu, özünə güvənən, kübar xanımların seçimidir. Pələng printli geyim seçmisinizsə, makiyaj sadə olmalıdır, aksesuarlar qarışıq olmamalıdır. Xanımlar var ki, çantasını, göz makiyajını belə, pələngin rəng çalarlarında etdirir. Belə olmaz, əksinə, o geyimin ağırlığını itirməyi bacarmaq lazımdır. Yəni bütün vurğu pələng printli geyimə fokuslanmalıdır. Üzərinə eyni printli çanta, altına eyni cür ayaqqabı seçimi uğursuz olar. Gözü yoran bir mənzərə yaranar. Makiyaj sadə olmalı, saç isə çox buruq olmamalıdır. Bir sözlə, minimalistlik olmalıdır.
– Bəs aksesuarlar? Bəzi xanımlar zinət əşyalarını rəfdə saxlamaq yerinə, üzərlərində gəzdirməyi xoşlayırlar.
– Bu, bilirsiniz, nəyə bənzəyir? “Azərbaycanlı olduğunu demədən göstər” trendinə (gülür). Bunu vurğulamasam, olmaz. Düşünürlər ki, birdən növbəti məclisdə onlar olmaz, dəvət edilməzlər, qoy elə bütün aksesuarları indi taxıb getsinlər.
Birincisi, insanların boyuna, çəkisinə görə aksesuarlar çox önəm kəsb edir. Sənin üzün balacadırsa, incəsənsə, xırda sümüklüsənsə, iri aksesuarlar taxa bilməzsən. Bir də görürsən, incə sümüklü bir xanım qulağına iri halqa sırğa taxıb. Ümumiyyətlə, sifəti balaca olan insanlar böyük halqalardan istifadə etməməlidirlər. Böyük halqalı sırğalar hər adama yaraşmır. Eləcə də iri qolbaqlar, boyunbağılar. Əgər bunları taxsalar, üz cizgiləri yaddan çıxacaq, hamı iri sırğalara, boyunbağı və qolbaqlara baxacaq.
Bir neçə qolbaq, boyunbağı, üzüklər taxmaq dəbdədir. Amma onlar eyni uzunluqda olmamalıdır. Məsələn, nərdivan kimi ola bilər. Çünki eyni uzunluqda taxılan boyunbağılar bir-birinə elə dolaşır ki, baxanda orada, sadəcə, dolaşmış bir düyün görürük.
– Bəs saat necə?
– Saat aksesuarların şahı sayılır. Saatsız insanı təsəvvür etmirəm. Bu, dəqiqliyin rəmzidir. Vaxtının dəyərini bilən insanların əvəzolunmaz aksesuarıdır. Bəzən kiminsə qolunda işləməyən saat görürəm və soruşanda deyir ki, aksesuar kimi taxıram. Bu, qəbuledilməzdir. Ümumiyyətlə, bütün aksesuarlar təyinatı üzrə istifadə edilməlidir. Siz qolbağı boyunbağı, ya da boyunbağını qolbaq kimi istifadə edirsiniz?
Saat vaxtı dəqiqləşdirmək üçündür, zamanı sevən, punktual insanlar istifadə edirlər. Telefon hər zaman yanımızda olmaya bilər. Amma saat qolda olmalıdır. Bir xahişim var ki, saatı, sadəcə, aksesuar kimi istifadə etməsinlər. Ondansa qolbaq taxsınlar. İri üzüklər də hər kəsə uyğun deyil. Dolu xanımlarda incə görünə bilər, amma incə xanımlarda bu aksesuarlar iyrənc görünür.
Tövsiyə edirəm ki, bu il incə boyunbağı və al-qırmızı güllərlə işlənən “coker”lər istifadə etsinlər. Bu ilin dəbidir və kübar görünür.
– Əvvəllər konsert proqramlarına, kinoya, toylara, xüsusi dəvətlərə bəzənib gedərdilər. Xüsusi hazırlaşardılar. Bu gün isə rahatlıq rəmzi kimi kinoya, konsertə yarıklassik geyimdə, ked və ya krosovka ilə gedirlər. Məkanların öz dres-kodunu itirməsi yaxşı haldır, yoxsa necə?
– Xeyr, bunu qətiyyən dəstəkləmirəm. İdman zalına gələn xanımların zinət əşyaları və beş kiloqram makiyaj ilə gəlməsi kimi absurddur. Hər yerin öz geyimi var. Bu, dəb deyil, üslub deyil, müasirlik deyil.
Hər zaman deyirəm ki, dəb – insana yaraşandır. Biz konsertə, kinoya gedəndə elə bəzənirdik ki, bizə deyirdilər ki, hara gedirsən? Çünki xüsusi hazırlanırdıq. İndi hər şeyi adiləşdiriblər, adına da qoyublar ki, Avropada belədir. Xeyr, əzizim, Avropada belə deyil.
Elementar olaraq, internetdə müxtəlif dövrlərdə Avropada olan konsertlərdə insanların geyimlərinə baxın. Bəylər kostyumda, xanımlar kübar, zərif ziyafət paltarındadırlar. Bu çox gözəl görünür və zövq verir.
Amma təəssüf ki, bizim konsertlərə biri kedlə, biri ziyafət geyimində, biri yarıklassik, biri də az qala pijamada gəlir. İnanın ki, o gecə ziyafətinə uyğun, konsertə uyğun paltarla gələnlərə “oversayz” geyinənlər çox qəribə baxırlar ki, bu hara gəlib, bəs mən hara geyinməliyəm? Toya?
– Toy demişkən, gəlinlərin də geyimləri dəyişib. Artıq gəlinliklərin altında stiletto yox, krosovka görmək olur.
– Gözəllik qurban tələb edir, o qurbanı vermədən gözəl görünmək olmur. Gəlinliklə necə krosovka geyinmək olar? Bu insanları başa düşə bilmirəm. Ay bala, 200 manatdan çox gəlin makiyajına, 500 manatdan çox gəlinliyin icarəsinə pul verirsiniz, dörd-beş saat hündürdaban ayaqqabıda dayana bilmirsiniz? Heç heyfiniz gəlmir o qədər çəkilən əziyyətə? Xanım-xatın görünmək asan deyil axı.
Bu gün gəlinlər stilettonu ancaq 10 dəqiqəlik geyinir, fotosessiya etdirir, altına yaxın rəfiqələrinin adlarını yazıb, çıxarıb atırlar. Olmaz axı belə. Sənin ömründə bir dəfə toyun olur və sən ayaqqabı yerinə krosovka geyinirsən. Oynadığın yerdə bir də gördün ki, ətək qalxdı, altda platformalı krosovka var. Heç vicdanın sızıldamır? Ömrünün ən gözəl günündə hündürdaban ayaqqabıya dörd-beş saat dözmək olar, məncə.
Avropada heç bir gəlin özəl gününə krosovkada gəlmir. Avropada dres-kod var. Qaydalara görə, hər kəs 10 saat da olsa, o geyimdə olmalıdır. İtaliyada dəb gecələri keçirilir. Görmüsünüz ki, hansısa dəb gecəsinə kimsə krosovka ilə gəlsin? Mümkün deyil. Ziyafət paltarının bütünlüyünü kimsə poza bilməz, buna ixtiyarı yoxdur. Gəlinlik paltarı da dres-koddur.
– İtaliyada dəb gecələrindən danışdınız, Azərbaycanda necə, dəb gecələri uğurlu keçirilirmi?
– Bəli, Azərbaycanda hər il dəb gecələri keçirilir. Bu gecələrdə fərqli üslublu dizaynerlər, modelyerlər iştirak edirlər. Azərbaycanın dəb həftələrində daha çox gənc dizaynerlərə dəstək oluruq. Hər il iştirak edirəm. Zövqlü, istedadlı modelyerlərimiz var ki, onların geyimlərini nümayiş etdirmək, dəstək olmaq üçün podiuma da çıxıram.
– Azərbaycanda stilist və modelyerlər zövqlüdürlər, yoxsa bayağılığa meyilli?
– Biz xalq olaraq irad bildirilməsini sevmir, qəbul etmirik. Bu bütün sahələrdə belədir. Uğursuz geyim təqdim edənlər dünən ortaya çıxıb, mən “stilistəm”, “dizaynerəm”, “modelyerəm” deyənlərdir. Sadəcə olaraq, Azərbaycanda hər beş nəfərdən ikisi özünü dizayner kimi təqdim edir. Adam tanıyıram ki, bir ay bundan qabaq kompüter işində çalışırdı, kolleksiya buraxıb. Keçən dəfə tədbirdə bir xanımla danışırdım. Soruşdum ki, neçə ildir bu sahə ilə məşğulsunuz? “Mən qaş, permanent ustasıyam”, – dedi. Bacımsan, sən burada nə gəzirsən? Öz sahəniz kifayət qədər gəlir gətirən sahədir, fəaliyyət göstərin də. Mən demirəm, o sahə asandır, qətiyyən. Permanent ustası olmaq üçün yaradıcı olmalısan, kreativ olmalısan, rəssamlıq bacarıqların yüksək olmalıdır.
Elə bilirlər ki, dizayner olanda sən çox populyar biri olacaqsan. Bir vaxt dəb olmuşdu, hər yerindən duran əlinə fotoaparat alıb fotoqraf, sonra bloqer olurdu. İndi də hamı dizayner olmağa cəhd edir. Dizayner olmaq üçün gərək zövqlü olasan. Sən rəngləri sonradan da kombinə eləməyi öyrənə bilərsən. Parçaları, printləri, materialların tarixini bilməlisən. Bizdə kolleksiya buraxan dizaynerlərin, modelyerlərin geyimlərinə baxırsan, eynidir. Sanki özlərini təkrarlayırlar. Yaradıcı yanaşmaq lazımdır. Belə olmaz.
Hamı özünü düz sayır, amma elə deyil. Mən yerli dizaynerlər arasında o qədər istedadlı gənclər tanıyıram ki, sadəcə, dəstək olmaq lazımdır. Tez-tez kolleksiya buraxan adam deyiləm. İldə iki dəfə kolleksiya burax, amma zövqlü və təkrarsız olsun. Yerli dizaynerlər var ki, inciməsinlər, gedib hazır modeli alıb etiketini dəyişirlər ki, onlara məxsusdur. Belə dizaynerlik olmur. Məhz buna görə də mənə görə, ən peşəkar dizaynerlər gürcülərdir. Onların öz dəst-xətləri var. Geyimi görən kimi bilinir ki, gürcü dizaynerə məxsusdur. Bu, möhtəşəm bir duyğudur.
– Siz həm də Azərbaycanda kişi geyimləri üzrə ilk kolleksiya hazırlayan dizaynersiniz. Riskləri sevirsiniz?
– Azərbaycanda kişi dizayner çox azdır. Mən onlara kişi dərziləri deyirəm. Ölkədə barmaqla sayılacaq qədər kişi dizayner var. Hər bir kişinin üstünlük verdiyi köynəkləri seçdim. Köynəklərdə ad-soyadların baş hərflərinin həkk olunması mən kolleksiya hazırlayan dövrdə yeni-yeni gündəm olurdu. Təbii ki, kolleksiya başdan-ayağa əl işi idi. Düymələrinin yerinə qədər əl ilə tikilmişdi. Ən son kişi kolleksiyam isə “Qarabağ” adlanır. Kişilər üçün cib yaylıqlarından ibarətdir. Hər kişi cib yaylıqlarından istifadə etmir. Bu, fərdi seçim idi.Kolleksiya 44 günlük Vətən müharibəsində qazanılan zəfər tariximizə həsr edilib. Qarabağımızın tarixi xalçalarının çeşnilərini dünyaya tanıtmaq hər birimizin borcudur. Düşündüm ki, bu cür gözəl, əsrlərdən-əsrlərə keçən xalçalar öz əksini cib dəsmallarının üzərində də tapa bilər. Limitli sayda buraxılan kolleksiyam 11 Qarabağ xalçası timsalında istehsal edildi. Çox maraqla qarşılandı. Xaricdə yaşayan soydaşlarımızdan da sifarişlər gəldi. Xaricdə yaşayan azərbaycanlılar yerlilərə nisbətən daha vətənpərvər olurlar və dəstək verməkdən çəkinmirlər.
– Necə düşünürsünüz, dizayn sahəsinin və yerli dizaynerlərin inkişafı üçün nə çatışmır?
– Dövlət dəstəyi. Dövlət yerli dizaynerlərə çox az dəstək olur. Azərbaycanda bir-iki dizayner var ki, hər dəfə yalnız onlara dəstək verilir, onların işi irəli çəkilir. Bu, paxıllıq deyil, bütün hallarda xaricdə bizdən bir təmsilçi belə, olsa, ad olaraq Azərbaycanın adıdır. Fəxr edirik. Amma dəstək və şərait hamıya yaradılmalıdır. Ümumiyyətlə, burada dövlətin rolu çox önəmlidir.
Bir də yerli dizaynerlərin geyimlərinin satılması motivasiyadır. Dizayner hökmən marketoloq, satış meneceri olmaq məcburiyyətində deyil. O, sadəcə, yaradıcı insandır. Onun yaradıcı kolleksiyasının digər mərhələsi – yəni tanıtımı, xarici bazara çıxarılması başqa problemdir. Azərbaycanda yetərincə bu cür yaradıcı dizayner var. Təkcə “Qarabağ” kolleksiyamın xarici bazara çıxarılması, tanıtımı mənə çox böyük motivasiya olar.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
www.102info.az