Lənkəran sakininin evindən 6 kiloqramdan artıq heroin aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samit Baxşiyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onun narkotik vasitəni Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Axundovdan əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı E.Axundovun üzərindən və yaşadığı evdən 6 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla E.Axundovun həmin narkotik vasitəni İranda yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdiyi müəyyən edilib.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son 10 gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb.
Ümumilikdə isə şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı cari ilin əvvəlindən 40 kiloqrama yaxın təkcə güclü təsiredən xassəyə malik narkotik vasitə heroin qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı araşdırma aparılır.
www.102info.az