Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən edilən şikayətlə bağlı məsələyə münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, müəssisə barədə iddia səsləndirən yeniyetmənin qardaşı Ə.Hacıyev quruma dəvət olunub:
“O bildirdi ki, kiçik qardaşının davranış pozuntusu var və onun müalicə olunmasını istəyir. Hazırda sözügedən yeniyetmə psixiatriya xəstəxanasındadır. Müalicədən sonra öz qardaşının himayəsinə verəcək. Məsələ komitənin nəzarətindədir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri orada şikayət etmişdi. O bildirib ki, müəssisədə uşaqlara quru çörək verirlər:
“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.
Xatırladaq ki, iddiaları səsləndirən şəxs dörd qardaşdır. Onlar uşaq evində böyüyüblər.
İlhamə Əbülfət
www.102info.az