Dörd əjdaha quyruğundan formalaşan birja qülləsi, 61 il avtomobilsiz qalan məkan – REPORTAJ + FOTO

Cəmiyyət


“Əbədi gedən taksiləri saxlamaq üçün, bəlkə, bir ömür boyu piyada qaçmalı olsan belə, qaçmalısan, heykəl təki durub “dərin” fəlsəfə yürütmək bir peşə deyil” (Anar).

Kopenhagendə memarlıq nümunələri o qədər qədimdir ki, küçədə gəzərkən özünü hansısa tarixi filmin səhnəsində hiss edirsən. Sadəcə, diqqətli tamaşaçıya ehtiyac duyan bu film kimi şəhərdə ikinci gün gəzintimizə mərkəzdə yerləşən “City Hall” meydanından başladıq. Piyada küçəsi olan məşhur “Stroget”in cənub-qərbində və Kopenhagen meriyasının qarşısında yerləşən bu meydan Danimarkada böyük tədbirlərin təşkil olunduğu əsas yerdir. Buradakı meriya binası 1905-ci ildə istifadəyə verilib. Memar Martin Nirop binanı İtaliyadakı Siena bələdiyyə binasından ilhamlanaraq milli romantik üslubda dizayn edib. 105 metr hündürlükdə olan, qülləsinə görə Danimarkanın ən hündür binalarından biri statusundadır. Adətən şəhər qonaqları üçün turlar təşkil edən bələdçilər turistləri bu binanın qarşısında gözləyirlər. Biz də bələdçimizlə elə burada görüşdük.

Yeri gəlmişkən, Avropa ölkələrini kəşf etməyin ən yaxşı yollarından biri getdiyiniz ölkədə turlara qatılmaqdır. Əgər “Google”da axtarış etsəniz, ödənişli turlarla yanaşı bir neçə “free” (pulsuz) tur da tapa bilərsiniz. Lakin adı “free” olsa da, bu heç də tur üçün ödəniş etməyəcəyiniz mənasına gəlmir, edirsiniz, sadəcə məbləği özünüz müəyyənləşdirirsiniz. Belə ki, əgər bələdçi bilgilidirsə və sizə şəhəri sevdirməyi bacarırsa, ona könlünüzdən keçən qədər ödəniş edirsiniz. Yox, əgər turu bəyənmədinizsə, xidmət üçün 1-2 avro verməklə kifayətlənə bilərsiniz. Ödənişli turlar isə 10-15 avrodan başlayır. Xoşbəxtlikdən bizim qatıldığımız “free” turda bələdçi o qədər əyləncəli və dünyagörüşlü idi ki, bir neçə saat ərzində şəhərə bələd ola bildik. 80-dən çox ölkə gəzmiş, təxminən on ölkədə uzun müddət məskunlaşmış, əslən ABŞ-dən olan, amma bütövlükdə dünyanı vətəninə çevirmiş bələdçimizin dilindən sözlər bulaq suyu kimi süzülürdü. Onun nimdaş çəhrayı kepkası, sadədən sadə geyimindən dünyanın dalan yerləri belə görünürdü…

Bələdçimizin müşayiəti altında ilk olaraq şəhərin məşhur küçə və meydanlarına üz tutduq. Onlardan biri elə əvvəldə də adını qeyd etdiyim, Avropanın ən uzun piyada alış-veriş küçəsi olan “Stroget” idi. Orada 1962-ci ildən avtomobil istifadəsi dayandırılıb. Küçə boyunca ucalmış binaların əksəriyyəti XIX-XX əsr nümunələridir, ən qədimi isə XVII əsrin əvvəllərinə aiddir. “Stroget”in qurtaracağında isə şəhərin ən böyük meydanı olan “Kongens Nytorv” meydanı yerləşir. 1670-ci ildə kral V Kristianın göstərişi ilə salınmış bu meydanın mərkəzində elə kralın at belindəki heykəli nümayiş olunur. Meydan Şarlottenborq sarayı (indiki Danimarka Kral İncəsənət Akademiyası), 1683-cü ildə barokko üslubunda inşa edilmiş və 1763-cü ildən neoklassik üsluba uyğunlaşdırılmış Thott sarayı (indiki Fransa səfirliyi binası) və Danimarka Kral Teatrı kimi bir sıra memarlıq nümunələrinə də ev sahibliyi edir.

Bu qədim tikililərlə qısa tanışlıqdan sonra əvvəlcə Kopenhagenin Slotsholmen adasında yerləşən Kristiansborq sarayına baş çəkdik. Bələdçimizin sözlərinə görə, hazırda Danimarka parlamenti, Baş nazirin ofisi və Ali Məhkəmə bu sarayda yerləşir. Həmçinin burada Danimarka monarxının istifadəsində olan qəbul otaqları da mövcuddur. Kristiansborqun müasir dövrdə əsas xüsusiyyəti dünyada qanunverici, icraedici və məhkəmə hakimiyyətini özündə birləşdirən yeganə bina olmasıdır. Sarayın tarixi ilə bağlı maraqlı və bir o qədər də təəssüfləndirici hadisə odur ki, hazırkı bina Danimarkada eyniadlı üçüncü saraydır. Buna səbəb isə müxtəlif dövrlərdə baş vermiş yanğınlardır. Belə ki, Danimarkada ilk Kristiansborq sarayı 1167-ci ildə tikilib. 1794-cü ildə baş verən yanğında isə bina xarabalığa çevrilib və saraydan geriyə sadəcə sərgi meydançaları qalıb. Onun yerində 1803-1828-ci illər arasında ikinci saray inşa edilsə də, kral VI Frederik orada yaşamaq istəməyib, ona görə də saray uzun illər əyləncə məkanı kimi istifadə edilib. Sadəcə VII Frederikin hakimiyyəti dövründə bina yenidən iqamətgaha çevrilib.

Sarayda ikinci yanğın isə 1884-cü ildə yaşanıb. Siyasi proseslər səbəbindən 23 il orada heç bir bərpa, yenidənqurma işi həyata keçirilməyib. Nəhayət, 1907-ci ildə yenidənqurma işlərinə başlanıb və neobarokko üslubundakı sarayın inşası 1928-ci ildə başa çatıb. Saray həmin gün ziyarətçilərə açıq olmadığı üçün içərisi ilə bağlı heç bir fikrə sahib ola bilmədik. Ancaq cəmi 95 yaşı olan bu binanın kənardan görüntüsü belə zövqümüzü oxşamağa yetdi. Tarixi ilə maraqlanmasanız, binanın 500 yaşı olduğunu düşünərsiniz. Dəbdəbədən uzaq, sadəcə mavi səmanın işığı ilə parıldayan bu yer sizə sadəliyin cazibəsini nümayiş etdirir.

Onun düz yanında isə hətta saraydan daha cazibədar göründüyünü düşündüyüm başqa bir bina yerləşir. Bu, XVII əsrə aid “Borsen” birjasıdır. Oranı fərqli qılan və məşhurlaşdıran dörd əjdahanın quyruğu kimi bir-birinə bükülmüş şəkildə formalaşan qülləsidir. Bina Şimali Avropada Kopenhagenin ticarət mərkəzi kimi rolunu gücləndirmək məqsədilə inşa edilib.

Bələdçimizin bizləri tanış etdiyi digər bina isə bu gün kral ailəsinin rəsmi iqamətgahı olan Amelienborq sarayı oldu. Meydanın mərkəzində kral V Frederikin at belində heykəli ucaldılıb. Dörd ayrı binadan ibarət olan bu sarayda Kraliça qış və payız aylarında qalır. Sarayın dörd binadan ibarət olma səbəbi isə onun əvvəlcə dörd ailə üçün inşa edilmiş olmasıdır. 1794-cü ildə Kristiansborq sarayı yandırıldıqda sonra saray kral ailəsinin mülkünə çevrilib, onlar buranı köhnə sahiblərindən satın alıblar. İllər ərzində bu dörd binada müxtəlif monarxlar və onların ailələri yaşayıb. Hər kral hakimiyyəti dövründə saraylardan birinə öz adını verib. Bu gün binalar VII Kristianın Sarayı, VIII Kristianın Sarayı, VIII Frederikin Sarayı və IX Kristianın Sarayı kimi adlanırlar. Hazırda sadəcə VII Kristian və VIII Kristianın Sarayı ictimaiyyətə açıqdır.

Amelienborq Sarayının mühafizəsi isə gecə-gündüz Krallıq mühafizəçiləri tərəfindən həyata keçirilir. Ancaq müşahidəmə əsasən, binaların qarşısında sadəcə iki mühafizəçi dayanır və onlar hər iki saatdan bir dəyişdirilirlər. Mühafizəçilər günorta növbəsini dəyişməsi isə monarx iqamətgahında olarkən ənənəvi hərbi marşlar ifa edən qrupun müşayiəti ilə təmtəraqlı şəkildə həyata keçirilir. Belə ki, bütün krallıq mühafizəçiləri saat 11:30-da Rosenborq qalasından başlayaraq Kopenhagenin əsas küçələrində yürüşlər edir və günorta saatlarında Amelienborqun qarşısında mühafizəçini dəyişirlər. Bu maraqlı prosesi izlədikdən sonra turumuzun vaxtı bitdiyi üçün bələdçimizlə vidalaşmalı olduq və Kopenhagenin intibah üslublu məşhur Rosenborq qəsrinə üz tutduq.

Getdiyimiz hər məkan kimi Rosenborq da bağı, bağçası və məftunedici gözəlliyi ilə ürəyimizi isitdi. 1606-cı ildə IV Kristianın göstərişi ilə qəsr başda bağ evi kimi inşa edilibmiş, həmin vaxtdan 1710-cu ilədək kral iqamətgahı kimi istifadə edilib. “Kral Bağı” kimi də tanınan “Rosenborq Qala Bağı”ında yerləşən və hazırda ziyarətçilər üçün açıq olan qəsr bu gün Kral kolleksiyalarını nümayiş etdirən bir muzeyə ev sahibliyi edir. Burada turistlər üçün ən maraqlı olan şey isə Danimarka krallığının reqaliyasını əks etdirən xəzinədir. Qalanın yerləşdiyi bağ turistlər üçün olduqca cəlbedici bir məkandır, elə ona görə də il ərzində milyonlarla ziyarətçi qəbul edir və bu gün paytaxtda əsas istirahət yerlərindən biridir.

Kopenhagendə bütün tarixi tikililəri onların qarşısında ucaldılan heykəllər tamamlayır, hamısı da üz-üzə gələndə qulağınıza bir-iki şey pıçıldayırlar. Bildirirlər ki, həyatda heç nə etmədən, sadəcə onlar kimi dayanıb “dərin” fəlsəfi cümlələr qurmağa çalışmaq bir iş deyil. Bir gün milyonlarla, lap elə onlarla insanın qarşısında dayana bilmək üçün qaçmaq, görmək, qazanmaq lazımdır.

“Report” İnformasiya Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir