Qaradağın icra başçısı “Bunu bura kim buraxıb?” deyərək, şikayətə gələn vətəndaşı təhqir edib – İDDİA + VİDEO

Cəmiyyət


Qaradağ rayonu Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yaşayan sakinlərin Qaradağ Rayon İcra Hakimiyyəti və “Azərsu” ASC-dən şikayətçi olduqlarına dair məlumat vermişdik.

Redaksiyamıza şikayət ünvanlayan sakin Natəvan Alxasovanın irəli sürdüyü iddialarla bağlı “Azərsu” ASC-nin Qaradağ Rayon Sukanal İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, həmin vətəndaşın müraciətindən və icra başçısının qəbulundan sonra aidiyyəti üzrə tapşırıq verilib:

“Tapşırıqdan sonra Qaradağ Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən həmin əraziyə yaxın, yağış sularının axdığı avtomobil yolu istiqamətində yağış sularının axıdılması üçün yeni dəmir barmaqlıqlar quraşdırılıb. Eyni zamanda, yeni xətt çəkildi və əvvəlki xəttə birləşdirilib. Bununla da yağış sularının toplanaraq gölməçə yaratmasının qarşısı alınıb”.

Qaradağ Rayon İcra Hakimiyyəti ilə səhər saatlarından əlaqə saxlamağa cəhd etsək də, telefonlarımıza cavab verən olmadı. Nə icra başçısının köməkçisinin, nə birinci müavinin, nə də İH-in saytda qeyd olunan digər telefonlara cavab verən var.

Lökbatan qəsəbə nümayəndəsi Vüqar Əliyevlə danışmaq cəhdimiz də baş tutmadı. Səhər saatlarında telefona cavab verən xanım bildirdi ki, Vüqar bəy əraziyə çıxıb. Geri dönüş etmələri üçün əlaqə nömrəsi qoysaq da, görünən odur ki, vətəndaşın problemi icra hakimiyyəti üçün o qədər də maraqlı deyil.

Qeyd edək ki, vətəndaş məsələ ilə bağlı nəinki şikayət etdiyini, hətta Qaradağ rayon icra başçısı Süleyman Mikayılovun qəbulunda olduğunu və icra başçısı tərəfindən təhqir edildiyini də qeyd etmişdi:

“Problemin həlli üçün dəfələrlə ərizə yazmışam. Bununla da kifayətlənməyib, icra başçısı Süleyman müəllimin qəbulunda olmuşam. Qəbula girəndə mənim telefonumu əlimdən aldılar. Bir neçə dəfə qəbulda olmuşam deyə sanki mənə qarşı hazırlıqlı idilər, şikayətimin də nə olduğunu bilirlər. İcra başçısı Süleyman müəllim məni kobud şəkildə qarşıladı və: “Bunu bura kim buraxıb?” – dedi. İcra başçısının sözündən sonra məni qəbuldan çıxartdılar. Mən başa düşmürəm, onları bu vəzifəyə vətəndaşları dinləsinlər, problemlərin həlli üçün çıxış yolu tapsınlar deyə qoymayıblar? Heç məni dinləmədilər.

2020-ci ildə bu problemlə bağlı bir dəfə də birinci müavinini əraziyə göndərdi, o da gəlib dedi ki: “Sən xoşbəxtsən ki, varlı qonşuların var. Onlar yolu düzəltsinlər, sizə də kömək eləsinlər”. Mən də dedim ki, varlı qonşunun bura nə aidiyyəti var? Biz özümüz də qonşulardan geri qalmırıq”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir