“Cinemazadeh” MMC aktyor Müşfiq Şahverdiyevlə aralarında yaranan mübahisəyə aydınlıq gətirib.
MMC-dən bildirilib ki, M.Şahverdiyev və şirkət arasında bağlanmış müqavilə üzrə sonuncunun öhdəliklərinin icra edilməməsi ilə əlaqədar tərəflər arasında fikir ayrılığı və mübahisə yaranıb.
“Cinemazadeh” MMC mübahisənin məhkəmədən kənar qaydada tərəflər arasında həll edilməsi üçün zəruri olan bütün addımları atıb:
“Dəfələrlə yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün M.Şahverdiyevlə danışıqlar aparılmasına çalışsaq da, sonuncu məsələnin sülh yolu ilə həllindən imtina edib. Nəticədə bizə məhkəməyə müraciət etməyi məsləhət görüb. Buna görə də Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq “Cinemazadeh” MMC yaranmış mübahisənin həll edilməsi üçün onu məhkəməyə verib.
Onun mətbuata verdiyi açıqlamadan fərqli olaraq bildiririk ki, iddia məbləği 90 000 manat deyil, 24 300 manatdır və bu məbləğ göstərəcəyi xidmət müqabilində ona ödənilən avans məbləğidir. M.Şahverdiyev müqavilə öhdəliyini icra etmədiyi üçün həmin məbləğ ondan geri tələb edilir. Qonağı olduğu televiziya verilişlərində, KİV-də, həmçinin sosial şəbəkələrdəki müsahibələrində danışdığı yalanlardan daha biri “Cinemazadeh” şirkətinin aktyor Məcid Hüseynovun iddiası ilə baş tutmuş məhkəməni uduzmasıdır.
Belə ki, Məcid Hüseynovla şirkət arasında olan anlaşılmazlıq, ümumiyyətlə, məhkəmə səviyyəsində həll olunmayıb. Belə ki, ərizə ilə məhkəməyə müraciət edən aktyor sonradan qarşılıqlı anlaşma əsasında ərizəsini geri götürüb.
MMC-dən qeyd edilib ki, şirkətin onu məhkəməyə verdiyini KİV-dən öyrəndiyini bildirməsi də daha M.Şahverdiyevin növbəti yalanıdır:
“Belə ki, dəfələrlə ona müraciət olunub, məsələnin öz aramızda həll olunması xahiş edilib. O, müraciət edən tərəfi söyüşlərlə təhqir edib, özü tələb edib ki, şirkət məhkəməyə müraciət etsin. Bundan sonra Müşfiq Şahverdiyevə daha bir neçə dəfə müraciət olunub, məsələnin barışıq yolu ilə həll edilməsi təklif olunsa da, o, yenə də razılaşmayıb və şirkətə olan borcunu qaytarmayacağını bildirib.
Həmçinin onun verdiyi müsahibələrdə hakimin işə ədalətsiz və qərəzli yanaşdığını, əsassız və qeyri-qanuni qərar qəbul etdiyini bildirsə də, bu məlumatlar böhtandan başqa bir şey deyil. Bu, qeyri-qanuni hərəkətləri etməkdə M.Şahverdiyevin niyyəti və məqsədi işə baxan hakim Ülkər Həsənovaya qarşı “qara piar” kampaniyası başlatmaq, hakim Ülkər Həsənovanın adını dəfələrlə hallandırmaqla, onu mənfi səciyyələndirilən şəxs kimi qələmə vermək və barəsində böhtan xarakterli məlumatlar yaymaqla, işə baxan və gələcəkdə baxacaq hakimlərə əvvəlcədən təsir, təzyiq etməkdir. Belə ki, tərəflər arasında mübahisə hələ bitməyib və davam edir.
Bu yolla M.Şahverdiyev həm Bakı Apellyasiya Məhkəməsinin hakimlərinə, həm də tərəflər arasında olan digər məhkəmə mübahisələrinə baxan hakimlərə onun xeyrinə qərar qəbul etməyəcəkləri halda onların da barəsində böhtan xarakterli məlumatları yaymaq yolu ilə onları ictimaiyyətin gözündə ləkələyəcəyini, adlarını müxtəlif şəkildə hallandıracağını göstərməklə hakimlərə təzyiq və təsir etmək niyyətindədir.
Müşfiq Şahverdiyevin müxtəlif müsahibələrdə, verilişlərdəki çıxışlarında və sosial media vasitəsilə canlı yayımda hakim Ülkər Həsənovanı təhqir etməsinə, “Cinemazadeh” şirkətinin təsisçisi və rəhbəri Cəfər Axundzadəni təhqir etməsi, cinayət tərkibli böhtanlar atmasına gəldikdə isə hesab edirik ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları onun qeyri-qanuni hərəkətlərinə müvafiq hüquqi qiymət verəcək və o, lazımi cəzasını alacaq”.
www.102info.az