Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən, rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.
Görülən tədbirlər çərçivəsində aprelin 6-da Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Səbail rayonunda ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və veteranları, rayon sakinləri, YAP fəalları və gənclər iştirak ediblər.
Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq Şıx yaşayış massivində 200-dən çox şam ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Yüksək bayram əhvali-ruhiyyəsində keçirilən tədbirdə ərazidə təmizlik işləri aparılıb, ağacların dibi quru otlardan, daş və məişət tullantılarından təmizlənib.
Səbail Rayon İcra Hakimiyyətinin keçirdiyi ağacəkmə aksiyasının məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.
www.102info.az