Bakı şəhərində bina evində it saxlayanlar cərimələnirlər.
Bu barədə Oxu.Az-ın redaksiyasına Nərimanov rayonunda yaşayan sakinlərdən biri bildirib.
Vətəndaş deyib ki, bina evində yaşayır və evdə it saxlayır:
“Qonşularımızdan biri tərəfindən polisə müraciət edilib ki, evdən itin səsi gəlir. Polis də evə gəlib bildirdi ki, binada itin saxlanmasına icazə verilmir. Əsas kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290-cu maddəsini göstərdi”.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bina evində ev heyvanı, o cümlədən it saxlayan şəxslərin cərimə olunması ilə bağlı səsləndirilən fikirlər əsassızdır:
“Polis İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsi ilə yalnız ev heyvanlarının saxlanılması zamanı müəyyən edilmiş qaydaları pozan şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edə bilər. Nərimanov rayonunda qeydə alınan hadisə ilə bağlı isə bildiririk ki, qeyd edilən binanın bir neçə sakini polisə müraciət edərək qonşuluqda yaşayan həmin şəxsin ev heyvanlarının saxlanılması qaydalarını pozur.
Şikayət əsasında ərazinin sahə inspektoru tərəfindən həmin evin sahibi ilə profilaktik söhbət aparılıb. Qonşuların narazılığına səbəb olan həmin neqativ halların qısa zamanda aradan qaldırılmasının zəruriliyi onun diqqətinə çatdırılıb”.
Qeyd edək ki, ev heyvanlarının saxlanılması zamanı müəyyən edilmiş qaydaları pozan şəxslər iki yüz manat məbləğində cərimə edilirlər. Maddədə nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – üç yüz manat məbləğində cərimə edilir.
Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə isə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
İlhamə Əbülfət
www.102info.az